TQDK monitorinq imtahanlarına hazırlaşır

TQDK monitorinq imtahanlarına hazırlaşır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Prezidentinin fərmanına müvafiq olaraq yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək üçün hazırlıq işlərini davam etdirir. Komissiyadan SİA-ya verilən xəbərə görə, hazırlıq işləri çərçivəsində aprelin 16-da Bakı şəhərində və Abşeron rayonunda monitorinq imtahanı keçiriləcək orta ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Tədbirdə TQDK-nın məsul əməkdaşları Hidayət Zeynalov, Adıgözəl Həbibov və Qasım Əliyev monitorinq imtahanlarının keçirilmə qaydaları haqda görüş iştirakçılarına geniş məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, cari ildə monitorinq imtahanları V və XI siniflər üzrə aparılacaq. Bu imtahanla respublikanın 29 bölgəsini əhatə etməklə ümumilikdə 722 orta ümumtəhsil müəssisəsində keçiriləcək. İlk monitorinq imtahanı Bakı, Abşeron və Sumqayıtda imtahan fənləri üzrə ayrı-ayrı günlərdə olmaqla 23, 24 və 25 aprel tarixlərində təşkil olunacaq. Digər bölgələrdə keçiriləcək imtahanların tarixləri barədə yaxın vaxtlarda məlumat veriləcək.

V sinif şagirdləri üçün imtahan Ana dili və riyaziyyat fənni üzrə keçiriləcək. Ana dili imtahanında şagirdlərin bacarığı həm açıq tipli test tapşırıqları ilə, həm də yazı işi ilə yoxlanacaq. Belə ki, 1 saat 30 dəqiqə ərzində şagirdlər 20 açıq tipli test tapşırığı ilə yanaşı təqdim olunacaq mövzu üzrə yazı işləri də yerinə yetirəcəklər.

Riyaziyyat fənni üzrə isə şagirdlərə 18 açıq tipli test tapşırığı təqdim olunacaq. Bu imtahanın da müddəti 1 saat 30 dəqiqədir.

XI sinif şagirdləri isə Azərbaycan dilindən, riyaziyyat və fizika fənlərindən imtahan verəcəklər. Azərbaycan dili üzrə sualları cavablandırmaq üçün onlara 45 dəqiqə, fizika və riyaziyyat fənləri üzrə ayrılıqda 60 dəqiqə vaxt veriləcək. Bu imtahanda suallar ənənəvi - şoxseçimli test tapşırığı formasında təqdim olunacaq. Bu fənlərin hər birindən şagirdlərə imtahan zamanı 30 sual təqdim olunacaq.

Xatırladırıq ki, orta ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən hər hansı ödəniş tələb olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə