Bakıda Beynəlxalq konfrans keçirilir

Bakıda Beynəlxalq konfrans keçirilir

Bu gündən etibarən Bakıda ilk dəfə keçirilən Kimyaçılar və kimya mühəndislərinin I beynəlxalq konfransı (CCE2013) öz işinə başlayıb. SİA xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunan konfransın rəsmi açılış mərasimi Gülüstan Sarayında baş tutub. 5 gün davam edəcək beynəlxalq konfrans Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə dəstəyi, həmçinin Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və digər qurumların təşkilatçılığı ilə təşkil olunub. Tədbir təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrmov, ARDNŞ-nın vitse-prezidenti Xoşbəxt Yusifzadə və digər rəsmi şəxslər, həmçinin xarici ölkələrin nümayəndələri iştirak edir.

Təhsil naziri Misir Mərdanov bildirib ki, xaricdən gələn nüfuzlu alimlərlə Azərbaycanda bu sahədə çalışan müəllimlərin arasında əlaqələrin yaranmasına, birgə tədqiqat işlərinin aparılmasına təkan verəcək. Təhsil naziri konfransda dünyanın 13 ölkəsindən 80-ə yaxın nümayəndənin iştirak etdiyini qeyd edib. Onun sözlərinə görə, kimya və kimya mühəndisliyinin inkişafında bu konfransın çox böyük əhəmiyyəti olacaq.

ARDNŞ-nın vitse-prezidenti Xoşbəxt Yusifzadə bu sahə üzrə Bakıda beynəlxalq konfransın keçirilməsini yüksək qiymətləndirib.

Bu konfransın keçirilməsinin Azərbaycanın həm bugünki inkişafı, həm gələcəkdə sənaye potensiyalının inkişafı üçün vacib olduğunu vurğulayan "Azərkimya" İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev deyib ki, konfransda Kimya sənayesinin və Kimya mühəndisliyinin inkişafı ilə bağlı maraqlı, mühüm məsələlərin baxılması nəzərdə tutulub.

Qeyd edək ki, beynəlxalq konfrans aprelin 21-dək davam edəcək. CCE2013 beynəlxalq konfrans kimyaçıları, kimya üzrə mühəndisləri, sənaye mütəxəssisləri və kimya sahəsi üzrə tədqiqatçıları bir araya gətirən forumdur. CCE2013 həm akademik, həm də sənaye institutlardan olan tədqiqatçıları və sənayedən olan təcrübəçiləri cəlb etmək məqsədilə ilə keçirilir. Bu müddət ərzində çərçivəsində Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında müxtəlif mövzularda leksiyalar təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə