ADU-da Tələbə Elmi Cəmiyyətinin illik konfransı başladı

ADU-da Tələbə Elmi Cəmiyyətinin illik konfransı başladı

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-ci ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı öz işinə başladı. ADU-dan SİA-ya verilən məlumata görə, konfransda giriş sözü ilə çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağının hərtərəfli inkişafından danışaraq bu işdə tələbələrin böyük rolunun olduğunu vurğuladı. Rektor Universitetdə yaradılan əlverişli mühit nəticəsində tələbələrin yüksək elmi vərdişlərə yiyələndiyini qeyd etdi. Azərbaycanda elmin inkişafına göstərilən dövlət qayğısından danışan Səməd Seyidov ADU-da yüksək səviyyəli mütəxəssislərin yetişdiyini konfrans iştirakçılarının diqqətinə çatdırdı. ADU-nun beynəlxalq əlaqələrinə toxunan rektor universitetin Avropanın bir sıra aparıcı universitetləri ilə o cümlədən, Böyük Britaniyanını Esseks, İpsviç və Qlazqo universitetləri ilə olan əməkdaşlıq əlaqələrinə toxundu. Universitetdə aparılan islahatlardan söz açan rektor Səməd Seyidov bildirdi ki, yaxınlarda ADU-da Çin Mərkəzi fəaliyyətə başlayacaq. S. Seyidov bu mütərəqqi addımların tədris prosesinin səviyyəsinin artırılmasına xidmət etdiyini bildirdi. Elmli, bilikli tələbələrin gələcəyin yüksək kadrlar olacağına əminliyini ifadə edən rektor universitetin tələbələrinin respublika və beynəlxalq səviyyəli tədbirlərdə fəal şəkildə iştirak etdiyini vurğuladı.

Rəhbərlik etdiyi universitetdə 5500 tələbənin təhsil aldığını qeyd edən Səməd Seyidov TEC-in konfransına 900-ə yaxın məruzənin daxil olduğunu diqqətə çatdırdı. Rektor bunun yüksək göstərici olduğunu və tələbələrin elmə göstərdiyi xüsusi münasibət kimi xarakterizə etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə