Xaçmazda Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Daha sonra tədbir iştirakçıları Xaçmazdakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olublar. Bunun ardınca tədbir iştirakçıları Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseydə dünya şöhrətli oftalmoloqun adını daşıyan muzeydə olublar. Mərasim rayon mədəniyyət evində davam etdirilib. Rayon ictimaiyyəti nümayəndələrinin qatıldıqları tədbirdə təhsil naziri Misir Mərdanov, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Milli Məclisin deputatları İlham Əliyev, Nizami Cəfərov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək ümummilli liderin müasir Azərbaycanın qurulmasındakı əvəzsiz xidmətlərindən bəhs ediblər.
Bildirilib ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycan cəmiyyətinin inkişafı üçün başlıca vəzifə kimi daim gənclərin təhsilinin və tərbiyəsinin yüksək səviyyədə təşkil olunmasını vacib sayıb. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev təhsil işçilərinə, elm və mədəniyyətlə məşğul olan insanlara, xüsusən də müəllimlərə daim gənclərin milli-mənəvi dəyərlər zəminində tərbiyə olunmasını tövsiyə edib.
Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən natiqlər onun tarixin ağır sınaqlarından uğurla çıxdığını, müstəqilliyimizin qorunub saxlanılması üçün səylə çalışdığını bildiriblər. Vurğulanıb ki, məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs və bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyada güclü potensiala malik ölkə kimi tanınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB