Məleykə Abbaszadə Masallıda görüş keçirib

Məleykə Abbaszadə Masallıda görüş keçirib

Aprelin 10-da TQDK-nin sədri Məleykə Abbaszadə Masallı şəhərində Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar sakinləri ilə görüş keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, gün boyu 50-dən çox sakini qəbul edən komitə sədrinə əsasən universitetlərə qəbul prosesi, diplomların tanınması, test tapşırıqlarının məzmunu kimi mövzularla bağlı müraciətlər olunub. Həmçinin Məleykə Abbaszadə ilə görüş zamanı cənub bölgəsində çalışan pedaqoqlar TQDK ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını və təhsil sahəsi ilə bağlı komitə sədrinə konkret təkliflər veriblər.

Regionda çalışan pedaqoqların konkret təkliflərini yüksək qiymətləndirən TQDK-nin sədri Məleykə Abbaszadə bildirib ki, birgə əməkdaşlıq komitənin gördüyü işlərin keyfiyyətini yüksəlməsinə səbəb olacaq. Edilən müraciətlərin bir qisminin yerindəcə həll olunduğunu deyən komitə sədri digərlərinin icrası ilə bağlı müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb.

Qeyd edək ki, TQDK-nin sədri sabah Lənkəranda cənub bölgəsinin digər rayonlarından olan sakinlərilə görüşəcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə