Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Argentinanın Azərbaycandakı səfirliyinin baş məsləhətçisi və konsulu Gabriel Jorqueronu qəbul etdi. ADU-dan SİA-ya verilən məlumata görə, qonağı salamlayan rektor onu universitetdə görməkdən məmnun olduğunu bildirdi. Sonra universitet haqqında qonağa məlumat verərək ADU-nun unikal universitet olduğunu vurğuladı. Dünyanın aparıcı dillərinin universitetdə tədris olunduğunu diqqətə çatdıraraq İspan dilinin tədrisindən söz açan professor Səməd Seyidov ADU-da fəaliyyət göstərən İspan dili mərkəzinin fəaliyyətindən də danışdı. Bununla yanaşı Səməd Seyidov Argentina ilə əlaqələrin yaradılmasının vacib və əhəmiyyətli olduğunu vurğulayaraq Argentinada Azərbaycan səfirliyinin fəaliyyət göstərdiyini bildirdi.
Rektor ADU-nun Norveç, İtaliya, Böyük Britaniya, Fransa, Almaniya universitetləri, eləcə də İspaniyanın Servantes universiteti ilə əməkdaşlıq etdiyini Gabriel Jorqueronun diqqətinə çatdırdı. O, Universitetdə İspan dili ixtisası üzrə təhsil alan tələbələrin dil biliklərinin gündən-günə inkişaf etdiyini və ADU-nu layiqincə təmsil etdiklərini qeyd etdi. Rektor eyni zamanda Servantes Univeristetinin bir neçə müəlliminin ispan dilini tədris etmək üçün ADU-da fəaliyyət göstərdiklərini vurğuladı.
Konsul Gabriel Jorquero öz növbəsində ADU-da olmaqdan məmnun olduğunu bildirdi. O, Azərbaycanla Argentina arasında əlaqələrin 20 il bundan öncə yarandığını qeyd etdi. Argentinanın La Plata Milli Univeristetinin fəaliyyətindən danışan konsul, bu universitetdə Azərbaycan kafedrasının fəaliyyət göstərdiyini bildirdi. O, bu kafedra sayəsində argentinalı tələbələrin Azərbaycanın tarixi, coğrafiyası, iqtisadiyyatı, siyasəti və digər xüsusiyyətləri haqqında məlumat əldə etdiklərini vurğuladı.
Konsul Azərbaycan Dillər Universiteti ilə hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu dilə gətirdi. Bu əməkdaşlığın azərbaycanlı tələbələrin də Argentina ilə yaxından tanış olmaq imkanlarının yaradacağını bildirdi. Görüşdə həmçinin Azərbaycan-Argentina əlaqələri, universitetlərarası gələcək əməkdaşlıq perspektivləri, tələbə-müəllim mübadiləsi haqqında da fikir mübadiləsi aparıldı.
Görüşdən sonra qonaq ADU-da fəaliyyət göstərən mərkəzlərlə tanış oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB