Elmar Qasımov akademik Zərifə Əliyeva adına liseydə görüş keçirib

Elmar Qasımov akademik Zərifə Əliyeva adına liseydə görüş keçirib

Bu gün Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, prorektor Ramiz Hümbətov, İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Kəmalə Paşayeva və akademik Zərifə Əliyeva adına liseyin məzunu olmuş, Bakı Ali Neft Məktəbinin 10 tələbəsi Akademik Z.Əliyeva adına liseydə olublar, liseyin müəllim və şagird heyəti ilə görüş keçiriblər.

SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan akademik Z.Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva liseyin kollektivi adından qonaqları salamlayaraq, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıqlarından məmnunluq hissi keçirdiklərini qeyd edib. O bildirib ki, təhsil sahəsi, yüksəkixtisaslı kadrların yetişdirilməsi məsələsi bu gün ölkəmizdə prioritet məsələlərdən biridir. Ölkə başçısı cənab İlham Əliyevin bu sahələrə yüksək önəm verməsi nəticəsində bu gün ölkədə istər təhsil sahəsi, istərsədə kadr hazırlığı sahəsi durmadan inkişaf etməkdədir. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011 - ci il tarixli Fərmanı ilə yaradılmış Bakı Ali Neft Məktəbi bu inkişafın bariz nümunələrindəndir. Lisey haqqında qonaqlara məlumat verən M.Vəliyeva bildirib ki, liseyin 2012-ci ilin buraxılış ilində 600 baldan yüksək bal toplayan 10 məzunu bu gün Bakı Ali Neft Məktəbinin tələbəsidir.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan uğurlu təhsil islahatlarından danışıb.

O, qeyd edib ki, Bakı Ali Neft Məktəbinin yaradılması və qısa zaman ərzində yüksək uğurlar əldə etməsi məhz ölkə başçısı cənab İlham Əliyevin "Neft kapitalını insan kapitalına çevirək" devizinin əyani sübutudur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmizin və ARDNŞ-nin həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilis dilli, müasir biliklərə malik kadrların hazırlanmasıdır.

Ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəb ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulduğunu qeyd edən rektor E. Qasımov Heriot-Vatt Universiteti ilə əldə olunmuş razılaşmaya əsasən Bakı Ali Neft Məktəbində tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi və müxtəlif proseslərin Heriot -Vatt Universitetinin tələblərinə uyğun həyata keçirildiyini və bunun nəticəsi olaraq BANM məzunlarına həm Bakı Ali Neft Məktəbinin, həm də Heriot-Vatt Universitetinin diplomlarının veriləcəyini bildirib.

Rektor həmçinin bildirib ki, bir il bundan öncə iki ixtisas üzrə ("Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi") tələbə qəbuluna başlayan ali məktəbdə növbəti tədris ilində neft-qaz və neft-kimya sahəsi üçün mühüm əhəmiyyət kəsb edən yeni bir ixtisas - "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" açılacaq.

E.Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbi eyni zamanda "İslam Dünyası Unversitetləri Federasiya"nın üzvüdür. O, Bakı Ali Neft Məktəbinin qısa zaman ərzindəəldə etdiyi uğurlardan danışaraq bildirib ki, TQDK-nın 2012/2013-cü tədris ilində ali təhsil müəssisələrinin reytinq cədvəlində Bakı Ali Neft Məktəbi I yer qazanmış və bir çox göstəricilərə görə ali məktəblər arasında liderdir.

BANM rektoru E.Qasımov akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyevaya Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq əlaqələrinin genişləndirdiyinə görə "Təşəkkür" plaketi və liseyin 7 müəlliminə Bakı Ali Neft Məktəbinə qəbul olunmuş yüksək səviyyəli şagirdlər yetişdirdiklərinə görə "təşəkkür " plaketi və kompüter hədiyyə verib.

Şagirdlərə isə Bakı Ali Neft Məktəbi haqqında ətraflı məlumatları özündə əks etdirən xüsusi hazırlanmış bukletlər paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə