Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlandı

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlandı

Azərbaycanda 2013 -2014-cü tədris ili üzrə ali və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna aprelin 9-dan etibarən başlanacaq. SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, ərizələrin qəbulu mayın 17-dək davam edəcək. Abituriyentlər aprelin 15-dən mayın 17-dək təqdim etdikləri ərizəni təsdiq etdirməlidirlər: "Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə TQDK-nın rəsmi saytında "Abituriyentin elektron ərizəsi"ni doldurmalı və lazımi sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komis­si­yalarına (bundan sonra - SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Xüsusi təyinatlı təhsil müəs­sisə­lərinə qəbul olmaq istə­yənlər müvafiq təhsil müəssisəsində yaradılmış SQK-ya lazımi sənədlərlə yanaşı sağlamlıq, fiziki vəziyyətləri haqqında arayış və özləri haqqında məlumat təqdim etməlidirlər. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komis­siya­larına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işlərini təqdim etməklə seçmə turda iştirak edirlər. QİK-da abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abitu­ri­yentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edir və test imtahanlarında topladıqları ümumi balları TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda qabiliyyət imtahan­larına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi TQDK tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə