Astara rayonunda yeni məktəb binası istifadəyə verilib FOTOLAR

Astara rayonunda yeni məktəb binası istifadəyə verilib FOTOLAR

Astara rayonunun Telman kəndində dövlət vəsaiti hesabına inşa olunmuş ikimərtəbəli 220 yerlik yeni məktəb binası istifadəyə verilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə,ötən əsrin 30-cu illərində inşa edilmiş binalarda şagirdlərin normal təhsil alması üçün lazımi şərait olmayıb. Müasir tələblərə cavab verən yeni məktəb binasının açılışında məktəbin pedaqoji və şagird kollektivi, valideynlər, Telman kənd ictimaiyyətinin nümayəndələri, rayon Təhsil şöbəsinin əməkdaşları və digər qonaqlar iştirak edib.

Tədbiri rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova açıb. O çıxışında son illər rayonda təhsilin inkişafında qazanılan uğurlardan danışıb, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə pedaqoji ictimaiyyət adından minnətdarlığını bildirib.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək əvvəlcə kənd sakinlərini yeni məktəbin açılışı münasibətilə təbrik edib. İcra başçısı müstəqil Azərbaycan Respublikasında təhsilə və onun inkişafına böyük diqqət və qayğının olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar respublikanın hər yerində olduğu kimi, rayonumuzda da geniş tikinti və quruculuq işləri mütəşəkkilliklə aparılır. Xüsusən təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir. Bu gün rayonda istifadəyə verilən 24-cü yeni məktəbin açılışına toplaşmışıq. Hazırda rayonda daha 10 məktəbin tikintisi davam etdirilir. Bütün bunlar rayonda təhsilin daha yüksək keyfiyyətlə inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradıb.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev Telman kənd tam orta məktəbi üçün tikilmiş yeni binanın açılış lentini kəsib. Rayon icra hakimiyyəti tərəfindən şagirdlərə geyim formaları təqdim edilib.

Məktəblilər ulu öndər Heydər Əliyevə və ölkə başçısı İlham Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə