Azərbaycanlı gənclərin Hindistana səfəri yekunlaşdı FOTOLAR

Azərbaycanlı gənclərin Hindistana səfəri yekunlaşdı FOTOLAR

Cari ilin 20 – 26 mart tarixlərində Hindistanda səfərdə olan azərbaycanlı gənclər artıq vətənə qayıdıblar. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, səfərləri çərçivəsində Hindistanın paytaxtı Nyu-Dehli, Aqra və Caypur şəhərlərinə baş çəkən nümayəndələrimiz Hindistanın Gənclər və İdman Nazirliyinin rəsmiləri, ali təhsil müəssisələrinin tələbə təşkilatları ilə görüşlər keçirib, bu ölkədə həyata keçirilən gənclər siyasətinin başlıca mexanizmləri ilə tanış olublar.

Görüşlərdə Azərbaycan və Hindistan tərəfləri iki ölkənin gənclər siyasəti istiqamətində gələcək əməkdaşlıq prespektivlərini də müzakirə ediblər. Bundan əlavə Hindistanın informasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlarla tanış olmaq üçün nümayəndələrimiz Nyu-Dehlidə yerləşən İnformasiya Texnologiyaları Mərkəzində də olublar.

Novruz bayramını Hindistanda qeyd edən nümayəndələrimiz, hindistanlı gənclər üçün Azərbaycanın milli mədəniyyət gecəsini də keçiriblər. Gecədə Azərbaycanın tarixini, musiqi, rəqs və milli mətbəxini təqdim edən gənclərimiz, Bakının müasir inkişaf tempi, paytaxtımızın bir çox beynəlxalq idman və mədəniyyət tədbirlərinə ev sahibliyi etdiyini diqqətə çatdırıblar. Təqdimatlar ərzində hindistanlı gənclərə Azərbaycan haqqında müxtəlif kitablar, disklər və s. materiallar hədiyyə edilib. Sonda gecə iştirakçıları bayram süfrəsinə dəvət olunublar.

Qeyd edək ki, səfər Azərbaycan və Hindistan ölkələrarası beynəlxalq gənclər mübadiləsi proqramı çərçivəsində həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə