Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Çinin "Ağacəkmə günü" adlı milli bayramına həsr olunmuş bayram tədbiri keçirilib. SİA-nın məlumatına görə, bayram Çində kütləvi ağacəkmə təşəbbüsünə qatılmış görkəmli Çin inqilabçısı Sun Yatsenin ölüm gününə həsr olunub. Tədbirdə Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri- Rəna Ağayeva Azərbaycan dilində, Ülviyyə Afət ingilis dilində bayramın yaranma tarixi və adət-ənənələri haqqında məlumat veriblər.
Daha sonra Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinin müşaviri xanım Li çıxış edərək ADU-da olmaqdan məmnun olduğunu bildirib. O, universitetin tələbələrinin belə təşəbbüslərlə çıxış etməsinin, Çin mədəniyyəti, tarixi və dili ilə maraqlanmasının təqdirəlayiq olduğunu söyləyib.
Çin dili və mədəniyyəti mərkəzinin direktoru Rafiq Abbasov isə çıxışında Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində dövlətin göstərdiyi qayğıya diqqət çəkərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2010-cu ilin "Ekologiya ili" elan edildiyini qeyd edib: "Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə "Hərəyə bir ağac əkək" şüarı altında, "Ətraf mühitin qorunması üzrə beynəlxalq dialoq təşəbbüsləri" çərçivəsində -İDEA, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın müəyyən etdiyi "Gənc ruh-gənc ağac" şüarı altında ağacəkmə kampaniyasının təşkili ilə layihə uğurla aparılır".
O, Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin 90-cı illərdə Pakistanda, Qazaxıstanda, Türkmənistanda, Rusiyanın tərkibində yerləşən Çuvaş Republikasında yaradılmış "Əliyev Xiyabanı"na baxış əsasında simvolik ağacəkmə mərasimində iştirak etdiyini vurğulayıb.
Daha sonra universitetin Çinşünaslıq ixtisasının tələbələri Çin dilində "Ağacəkmə günü"nə və Çin inqilabçısı Sun Yatsenə həsr olunmuş şeirlər deyiblər. Bayram tədbirinin davamında, həmçinin Çin kinomataqrafiyasından kadrlar, Sun Yatsenin fəaliyyəti haqqında bədii-sənədli film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB