“Milli-mədəni irsimizi qoruyaq”

“Milli-mədəni irsimizi qoruyaq”

Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində Folklor mərkəzinin müdiri Rəna Salehovanın təşkilatçılığı ilə "Milli-mədəni irsimizi qoruyaq" adlı ənənəvi əl işləri sərgisi keçirildi. Sərgidə Zəngilan orta məktəbinin şagirdləri, bacarıqlı xanımlar özlərinin düzəltdikləri, Azərbaycanın milli, qədim atributlarını əks etdirdikləri əl işlərini nümayiş etdirdilər.

ADU-dan SİA-ya verilən məlumata görə, sərgidə iştirak edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov bu sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkürlərini bildirdi. Rektor qeyd etdi ki, Azərbaycanda bu işlə maraqlanan insanların cəlb olunmasında, istedadlı insanların əl işlərini təqdim etməsində İRK-nın müdiri Şəhla Xudiyeva və mərkəzin müdiri Rəna Salehovanın böyük rolu vardır. Daha sonra Rəna Salehova çıxışında ənənəvi əl işləri sərgisinin artıq altıncı dəfə keçirildiyini dedi. O, sərginin 2009-cü ildən etibarən hər il 8 mart və Novruz bayramı ərəfələrində baş tutduğunu və sərginin milli-mədəni irsi qorumaq, istedadlı insanları üzə çıxarmaq və onlar üçün imkanlar yaratmaq məqsədi daşıdığını xatırlatdı. R. Salehova təşkil olunmuş sərginin təhsilə də böyük töhfəsi olduğunu qeyd etdi.
Daha sonra universitetin məzunu, Milli Məclisin deputatı Cavanşir Feyziyevə söz verildi. O, ADU-nun həmişə bir çox təşəbbüslərin novatoru olduğunu söylədi.

Daha sonra "Zirvə" Ziyalılar Təşkilatının prezidenti, rəssam Minayə Dəyanət "Azərbaycan xalqının milli-mənəvi, mədəniyyət, incəsənətinin qorunması, təbliğatı, və inkişafı yolunda hər il Azərbaycan Dillər Universitetinin kollektivi tərəfindən yüksək səviyyədə təşkil olunmuş qadın sənətkarlarının əl işlərindən ibarət sərgilərdə göstərdikləri müstəsna xidmətlərinə görə" ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva, İRK-nın Folklor mərkəzinin direktoru Rəna Salehovaya diplom təqdim etdi.

Daha sonra qonaqlar sərgidə nümayiş olunan əl işləri ilə tanış oldular.

Qeyd edək ki, sərgidə müxtəlif materiallardan hazırlanmış əl işləri olan bəzək əşyaları, rəsmlər, milli geyimlər, çantalar, suvenir xalçalar və s. nümayiş olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə