Azərbaycan Universitetində Xocalı soyqırımı anılıb

Azərbaycan Universitetində Xocalı soyqırımı anılıb

Azərbaycan Universitetində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə universitetin rektoru Eldar Qəhrəmanov açaraq, dünya miqyasında həyata keçirilən anım tədbirlərinin ənənəyə çevrilməsini müsbət dəyərləndirib: "Xalqımız, dünyanın harasında olursa olsun, bu gün böyük hüznlə toplaşır və dərdləşir. Çünki Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Ermənistan, Rusiyanın dəstəyi ilə bölgədəki qarışıq məqamdan istifadə edərək bu cinayəti törədib. Tarixi və oxşar situasiyaları dəyərləndirməli, dünyaya səpələnən Azərbaycan türklərinin vahid şəbəkəsini yaratmalıyıq. Bizim vahid mövqeyimiz olmalı, vahid ideya ətrafında birləşməliyik".

Rektor eyni zamanda qeyd edib ki, Xocalı soyqırımını törədənlər məsuliyyətə cəlb olunmalı, bu istiqamətdəki tanıtma çalışmaları sürətləndirilməlidir.

Humanitar fənlər fakültəsinin dekanı Mahir Talışlı çıxışında xarici ölkələrdə hadisəyə münasibəti dəyərələndirib. Dekan, Pakistan, Meksika, Kolumbiya və Çexiya parlamentlərinin, Xocalı soyqırımını rəsmən tanıdığını, ABŞ-ın Massaçusets, Texas, Nyu-Cersi və Corciya ştatlarının faciəni qətliam kimi dəyərləndirdiyini xatırladıb. Mahir Talışlı beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etmək üçün gəncləri informasiya müharibəsi dövründə internet və sosial şəbəkələrdə fəal olmağa çağırıb.

Humanitar fənlər fakültəsində Tarix ixtisası üzrə təhsil alan II kurs tələbəsi Şahin Xəlilov çıxışında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyəti və bu yolda gənclərin üzərinə düşən məsuliyyətlərdən danışıb.

Tədbir tələbələr tərəfindən hazırlanmış "ədəbi-bədii kompozisiya"nın müşayiətində davam edib. Kompozisiyada Azərbaycanın dövlət bayrağı səhnəyə gətirilib, Humanitar fənnlər fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kurs tələbələri Xocalı faciəsini əks etdirən şeirlər səsləndiriblər.

Qeyd edək ki, tədbir qanvermə aksiyası ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə