Qulu Novruzov: "Tələbələrin dil bacarıqları buna imkan vermir"

Qulu Novruzov: "Tələbələrin dil bacarıqları buna imkan vermir"

""2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alanların 25 faizini mühəndislik və İKT sahələri üzrə təhsil alanlar təşkil edir". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov belə deyib.

O bildirib ki, Təhsil Nazirliyi azərbaycanlı gənclərin xaricdə təhsil üzrə daha çox mühəndislik, kənd təsərrüfatı və fundamental elmlər sahəsinə maraq göstərməsini istəyir: "Çünki tələbələrin əksəriyyəti kənd təsərrüfatı üzrə təhsil almağa maraqlı deyillər. Maraqlı olan bəzi tələbələrin isə dil bacarıqları buna imkan vermir. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin dil bacarıqlarının artırılması istiqamətində müvafiq işlər görülüb. Ötən 6 ilin təcrübəsinə nəzər saldıqda görürük ki, fundamental elmlər, səhiyyə elmləri - nanotexnologiya, mikrobiologiya, biokimya, gen mühəndisliyi üzrə ixtisaslar üzrə təhsil alan tələbələrin sayı artmaqdadır".

Nazirlik rəsmisi deyib ki, proqram daha çox tələbələrin diplomdan sonrakı pillə üzrə xaricdə təhsil almağa göndərilməsinə xidmət edir. Onun sözlərinə görə, bu həm iqtisadi, həm də akademik baxımından sərfəlidir. Q.Novruzov qeyd edib ki, bakalavr pilləsi üzrə hazırlanan bir tələbənin əvəzinə magistraturada 2-3 tələbə oxutmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə