Təhsil Nazirliyində görüş keçirilib

Təhsil Nazirliyində görüş keçirilib

Təhsil Nazirliyində nazir Misir Mərdanovla Beynəlxalq Bakalavriat Təşkilatının Afrika, Avropa və Yaxın Şərq üzrə regional direktoru Adrian Kerney arasında görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə beynəlxalq bakalavriat üzrə təhsil proqramlarının Azərbaycanda gələcək inkişafı müzakirə olunub. Misir Mərdanov görüşdə bildirib ki, səfərin əsas məqsədi Azərbaycanda təhsilin inkişafına təkan verməkdir.

Səfərin Beynəlxalq Bakalavriat Təşkilatının idarə heyəti çərçivəsində təşkil edilən ilk belə səfər olduğunu deyən M.Mərdanov qeyd edib ki, qonaq səfər çərçivəsində Bakının bir neçə orta məktəbi ilə tanış olacaq və həmin məktəblərdə görüşlər keçirəcək: "Bu proqrama Azərbaycanın 4 orta məktəbi qoşulub. Bu quruma daxil olmağın çox ağır şərtləri var. Məktəbin maddi-texniki bazası buna hazırlıqlı olmalıdır. Təhsil ingilis dilində aparıldığından müəllimlər və direktorlar ingilis dilində tədris etməyi bacarmalıdırlar. Bu proqram və sistem Azərbaycan təhsilinin və məktəbinin beynəlxalq təhsil ocaqları ilə əlaqəsini genişləndirəcək".

Adrian Kerney isə təmsil olunduğu qurum haqqında ətraflı məlumat verib: "Beynəlxalq Bakalavriat Təşkilatı 1968-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılıb. Hazırda dünyanın 114 ölkəsinin 3529 ümumi təhsil müəssisəsində Beynəlxalq Bakalavriat Proqramı üzrə iş aparılır. 3-19 yaş arası uşaqları əhatə edən beynəlxalq proqram qloballaşan və müasir dünyada ictimai bacarıqları inkişaf etdirməkdən ibarətdir".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə