Bu gün Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə "Boloniya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramları"nın müzakirəsinə həsr edilmiş seminar keçirilir. SİA-nın xəbərinə görə, seminarın açılışında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, iki gün davam edəcək seminarın əsas məqsədi Avropa İttifaqına üzv olan ölkələrdə və Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi sahəsində aparılan siyasəti, doktorluq proqramlarının konsepsiyasını və prosedurlarını Boloniya prosesinin tələbləri baxımından müzakirə etməkdir. Onun sözlərinə görə, tədbirdə fəlsəfə doktoru proqramları üzrə təhsilin mövcud vəziyyəti, bu sahədə müxtəlif ölkələr tərəfindən qazanılan təcrübə və doktorantura təhsilinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər də müzakirə olunacaq: "Təhsil Nazirliyi Avropa İttifaqının Tvininq və TAİEX proqramlarında 2009-cu ildən iştirak edir. Bu günədək TN tərəfindən Aİ-na Tvininq və TAİEX proqramları üzrə 10-dan artıq layihə təqdim edilib. Nəticədə 2 Tvininq və 4 TAİEX layihəsi qazanılıb".
Təhsil naziri qeyd edib ki, Azərbaycanda 2009-cu ildə yeni "Təhsil haqqında" qanun qəbul edilib. Həmin qanunda doktoranturanın ali təhsilin ən yüksək səviyyəsi hesab edildiyini deyən M.Mərdanov vurğulayıb ki, hazırda Azərbaycanda fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorantura təhsili aparılır. Onun sözlərinə görə, bu gün Azərbaycanda 1000-dən çox şəxs doktorant təhsili alır və gələcəkdə onların sayının daha da artırılması nəzərdə tutulur.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Arif Həşimov bildirib ki. doktorantura təhsili alanların əksəriyyəti gənclərdir. Azərbaycanda bır sıra sahələr üzrə yüksək hazırlıqlı mütəxəssislərə böyük ehtiyacın olduğunu deyən AMEA-nın vitse-prezidenti qeyd edib ki, bu gün doktoranturada təhsil alan gənclər gələcəkdə ehtiyac duyulan sahələrin yüksək mütəxəssislərinə çevriləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB