TQDK yeni proqram sistemlərini təqdim edib

TQDK yeni proqram sistemlərini təqdim edib

TQDK-da İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş yeni proqram sistemlərinin ilkin təqdimatı keçirilib və müvafiq mövzular ətrafında müzakirələr aparılıb. Komissiyadan SİA-ya verilən məlumata görə, təqdimatda TQDK-nın rəhbərliyi, şöbə müdirləri və əməkdaşları iştirak ediblər. Təqdimat zamanı "Yazı işlərinin yoxlanması sistemi" barədə məlumat verilib. Sistemin müəllifi, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşı İlqar Mahmudov proqramın imkanlarından geniş bəhs edib. Onun sözlərinə görə, gələcəkdə internet vasitəsilə istifadəsi nəzərdə tutulan həmin proqram müxtəlif məzmunlu imtahanlarda namizədlərin yazı işlərini yoxlayan ekspertlərə (markerlərə) bu işi daha səmərəli və anonim şəkildə həyata keçirməyə, eyni zamanda ucqar bölgələrdə yaşayan, eləcə də ev şəraitində çalışmaq istəyən müəllimlərin də marker kimi fəaliyyətinə imkan yaradılacaq.

Daha sonra "Nəzarətçilərin elektron qeydiyyat sistemi"nin təqdimatı keçirilib. Proqramın müəllifi, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşı Elməddin Muxtarzadə nəzarətçilər bazasının idarə edilməsini və məlumatların operativ yenilənməsinə imkan yaradacaq bu proqram təminatı, onun ayrı-ayrı komponentləri barədə ətraflı məlumat verib.

Qeyd edək ki, yaxın gələcəkdə nəzarətçi-müəllimlərə dair məlumat bazalarında kağız daşıyıcıların tamamilə ləğvi nəzərdə tutulur ki, bu sistem də həmin məqsədin reallaşmasına xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə