Qafqaz Universiteti 16-cı yeri tutub

Qafqaz Universitetinin əməkdaşı "The Social Science Research Network" (SSRN) tədqiqat mərkəzinin reytinqinə görə iki yüz mindən artıq elm adamı arasında 16-cı yeri tutub. Universitetdən SİA-ya verilən məlumata görə, maliyyə kafedrasının əməkdaşı Elçin Süleymanovun SSRN bazasına daxil edilən otuzdan çox məqaləsinin yüklənmə və sitatgətirmə göstəricilərinə görə hesablanan tədqiqatçı reytinqi sistemdə yer alan və iki yüz mindən artıq elm adamı arasında seçilən Top 30 000 tədqiqatçı arasında 16-cı yerdə olub. Əksəriyyəti Amerikanın məşhur universitetlərinin təmsilçiləri olan ilk yüzlükdə Amerikadan başqa sadəcə İngiltərə, İspanya, Kanada və Azərbaycanı təmsil edən tədqiqatçılar yer alıb.

Universitetin əməkdaşının bu göstəricisi eyni zamanda Qafqaz Universitetinin SSRN Top 1600-də olan "Entrepreneurship Research & Policy Network Organizations" göstəricisini də yüksəldib. Beləki, hazırda Qafqaz Universiteti bu göstərici üzrə 338-ci yerdədir. Bununla da, Universitet MDB məkanından ilk dördyüzlükdə olan yeganə universitet olub. Siyahıda ilk üçlükdə Nobel mükafatı alan mütəxəssislərin fəaliyyət göstərdiyi National Bureau of Economic Research (NBER) , Harvard Universiteti və European Corporate Governance Institute (ECGI) qərarlaşıb.

Qeyd edək ki, Harvard Biznes Məktəbinin Professoru Michael Jensenin rəhbərlik etdiyi SSRN dünyadakı 1500 tədqiqat mərkəzinin reytinqini müəyyələşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə