“ASAN xidmət” “Qış Parlamenti”ndə FOTOLAR

“ASAN xidmət” “Qış Parlamenti”ndə FOTOLAR

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "VI Liderlik Məktəbi - "Qış Parlamenti" layihəsi qonaqlarını qəbul etməyə davam edir. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, "Qış Parlamenti"nin qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sosial innovasiyalar və strateji araşdırmalar şöbəsinin müdir müavini Cahangir Haciyev olub.

ATGTİ-nin sədri Şahin İsmayilovun çıxışından sonra gənc parlamentarilərə agentliyin sədri İnam Kərimovun salamlarını çatdıran Cahangir Haciyev, onları "ASAN Xidmət"in iş prinsipləri ilə tanış edib. Əlavə olaraq gənc parlamentarilərə "ASAN Xidmət"in fəaliyyəti haqda 2 video – süjet də təqdim olunub.

Agentliyin rəsmisinin sözlərinə görə, 2013-cü il yanvarın 15-dən fəaliyyətə başlayan 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə geridəqalmış 29 gün ərzində 12 minə yaxın vətəndaş müraciət edib.

Görüşdə C. Haciyev könüllü fəaliyyətinə də toxunaraq, qeyd etdi ki, bu gün "ASAN"da 50-yə yaxın könüllü gənc fəaliyyət göstərir.

Daha sonra sual cavab formatında davam edən görüşdə Cahangir Haciyev gənc parlamentarilərdən ünvanlanan 65 sualı cavablandırıb. Onun sözlərinə görə, bu görüşdən əldə olunan ideya və təkliflər detallı şəkildə incələnəcək.

Qeyd edək ki, yaxın gələcəkdə ATGTİ və "ASAN xidmət" arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə