Peşə liseylərinə buraxılış imtahanlarını TQDK aparacaq

Cari ildən etibarən Azərbaycanda peşə liseylərinin buraxılış imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. Komissiya sədri bildirib ki, peşə liseylərində 2012-ci ilin buraxılış imtahanları Təhsil Nazirliyi tərəfindən keçirilib: "Bu ildən isə həm IX, həm də XI illik bazadan peşə liseylərində buraxılış imtahanlarını komissiya tərəfindən aparılacaq. Bu buraxılış imtahanları orta məktəblərin buraxılış imtahanları ilə müqayisədə daha tez keçiriləcək. Peşə liseylərinin buraxılış imtahanlarının tez keçirilməsi həqiqi hərbi xidmətə çağırışla əlaqədardır. Çünki peşə liseylərinin məzunlarını aprelin 1-dən hərbi qulluğa çağırırlar".

Bu ildən "Tələbə-Məzun" Dövlət Elektron Sisteminə peşə liseyləri ilə də bağlı məlumatların yerləşdiriləcəyini deyən Məleykə Abbaszadə bildirb ki, hazırda bazanın doldurulması ilə bağlı müəyyən problemlər var: "Peşə liseylərinin rəhbərləri müvafiq məlumatları TQDK-ya nə qədər erkən təqdim etsələr, onların buraxılış imtahanlarını da bir o qədər vaxtında keçirmək mümkün olacaq". TQDK sədri qeyd edib ki, peşə liseylərinə buraxılış imtahanları martın 17-də təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə