Müsabiqəyə 140 müəllimin layihəsi qəbul edilib

“1 şagird:1 kompüter” müsabiqəsinə 140 müəllimin layihəsi qəbul edilib
Müsabiqəyə 140 müəllimin layihəsi qəbul edilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "1 şagird:1 kompüter" müsabiqəsinə iştirak üçün göndərilən müraciətlərdən 140 müəllimin layihəsi qəbul edilib. Hazırda müraciətlərin qəbulu sona çatıb və ekspert qrupu tərəfindən qiymətləndirilmə prosesi həyata keçirilir.

İKT İnformasiya Mərkəzindən SİA-ya verilən məlumata görə, təqdim edilmiş layihələrin qiymətləndirmə meyarları layihənin tədris məqsədləri üçün praktik əhəmiyyəti, metodiki baxımdan işlənmə səviyyəsi, materialların texniki-texnoloji cəhətdən rahat, aydın və anlaşıqlı təsviridir. Meyarlara uyğun olan layihələr müsabiqənin növbəti mərhələsinə buraxılacaqlar.

Müsabiqənin məqsədi İKT əsaslı fərdiləşmiş təhsilin formalaşması, "1 şagird:1 kompüter" layihəsi çərçivəsində netbukların daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsidir. Müsabiqə üzrə məlumatlar www.musabiqe.edu.azveb səhifəsində yerləşdirilib.
Müsabiqə çərçivəsində qalib gəlmiş müəllimlərin bir sinfinin şagird kollektivi netbuklarla təchiz olunacaq. Hər bir qalib müəllim onun tədris etdiyi sinifdə şagirdlərin sayı qədər netbuklar alacaq.

Qeyd edək ki, məktəblərə netbukların verilməsinin müsabiqə formatına keçirilməsi Azərbaycanın təhsil sistemində ilk təcrübədir. Bu format"1 şagird:1 kompüter" layihəsi çərçivəsində texnologiyalara daha böyük maraq göstərən təhsil müəssisəsinə netbukların verilməsini nəzərdə tutur və müəllimlərin İKT biliklərinin tədrisdə istifadəsi üçün motivasiyalaşdırır. "1 şagird:1 kompüter" layihəsi çərçivəsində verilən netbukların sayı məhdud olduğu üçün Təhsil Nazirliyi müsabiqə formatına keçid barədə qərar verib. Təcrübə uğurlu olarsa, sayı məhdud olan digər texnoloji avadanlıqların da müsabiqə yolu ilə məktəblərə verilməsi istisna deyil.

İndiyədək "1 şagird:1 kompüter" layihəsi çərçivəsində Azərbaycanın 15 ümumtəhsil müəssisəsinə 2077 netbuk təmənnasız olaraq verilib. Şagirdlər bu netbuklardan həm məktəbdə, həm də evdə istifadə edirlər. Netbuklar həmçinin təhlükəsiz İnternet paketi ilə təchiz olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə