2012-ci ildə Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə ([email protected]) 15463 müraciət daxil olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, müraciətlərin 14678-i sorğu, 785-i isə şikayət xarakterlidir. Ötən il "Qaynar xətt" xidmətinə yanvarda 1441, fevralda 1629, martda 1629, apreldə 1265, mayda 1055, iyunda 1073, iyulda 2385, avqustda 1196, sentyabrda 1441, oktyabrda 974, noyabrda 613, dekabrda isə 762 müraciət edilib.
Daxil olan bütün sorğuların təxminən 70 faizindən çoxu ümumi təhsil məktəblərində müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş imtahanların təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar olub. Digər sorğularda hazırda təhsil sistemində həyata keçirilən proqramlar, beynəlxalq layihələr, ölkə və beynəlxalq fənn olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumi təhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili müəssisələrində yeni qiymətləndirmə sistemi ilə bağlı sorğular üstünlük təşkil edib. Digər sorğular isə təhsil sənədlərinin alınması, nostrifikasiyası, məktəblilərin fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi ilə əlaqədardır.
Bir sıra sorğularda bütün pillələr üzrə təhsilin təşkili və idarəedilməsi, xaricdə təhsil, müəllimlərin dərs yükü, əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması və tanınması, məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələri ilə əlaqədar məsələlər öz əksini tapıb.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan bütün sorğular cavablandırılıb. Şikayət xarakterli müraciətlər isə nazirliyin müvafiq şöbələri və aidiyyəti struktur bölmələri tərəfindən araşdırılıb.
2012-ci ildə "Qaynar xətt" xidmətinə daxil olan 785 şikayət məzmunlu müraciət ümumi, texniki peşə, orta ixtisas, ali və məktəbdənkənar təhsil müəssisələri ilə bağlıdır.
Şikayət xarakterli müraciətlərin sayına görə ali təhsil müəssisələri üzrə - Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarından 14, Bakı Dövlət Universitetindən 13, Azərbaycan Dövlət Pedaqoji Universitetindən 9, Sumqayıt Dövlət Universitetindən 9, Azərbaycan Dillər Universitetindən 8, Azərbaycan Dövlət İqtisad Universitetindən 3, Azərbaycan Texnologiya Universitetindən 3, Azərbaycan Dövlət Neft Akademiyasından 2, Gəncə Dövlət Universitetindən 2, Azərbaycan Turizm Universitetindən 2, Azərbaycan Dövlət Aqrar Universitetindən 2, Bakı Slavyan Universitetindən 2, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən 1, Lənkəran Dövlət Universitetindən 1, Azərbaycan Texniki Universitetindən 1, Azərbaycan Rəssamlıq Akademiyasından 1, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından 1, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetindən 7, Qafqaz Universitetindən 4, Bakı Avrasiya Universitetindən 3, Bakı Asiya Universitetindən 3, Qərb Universitetindən 3, Təfəkkür Universitetindən 3, Bakı Biznes Universitetindən 2, Odlar Yurdu Universitetindən 1, Azərbaycan Kooperasiya Universitetindən 1, Azərbaycan İctimai-Siyasi Universitetindən 1 olmaqla ümumilikdə 102 müraciət daxil olub. Bu isə 2011-ci ildə ali təhsil müəssisələrindən daxil olmuş müraciətlərlə müqayisədə 35 faiz azdır.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə, ali təhsil müəssisələrinin "Qaynar xətt" xidmətlərinə və imtahan qərargahına daxil olan müraciətlərə baxılması nəticəsində AMİ-nin Qazax, Şamaxı, Salyan, Quba, Ağcabədi filiallarının direktorları vəzifələrindən azad edilib, Bakı Dövlət Universitetində 11 nəfər, Azərbaycan Dövlət Pedaqoji Universitetində 3 nəfər, Sumqayıt Dövlət Universitetində 4 nəfər, Azərbaycan Dövlət İqtisad Universitetində 20 nəfərdən çox, Azərbaycan Kooperasiya Universitetində isə 4 nəfər əməkdaşa intizam tənbehi tətbiq olunub.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində nöqsanı aşkar edilən vəzifəli şəxslər tənbeh edilib, vəzifəsindən azad olunub, onlara töhmət verilib, eləcə də digər inzibati cəzalar tətbiq edilib. İşində nöqsan aşkarlanmış təhsil müəssisəsi rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB