“Sabahın alimləri”

Bu gün Bakıda Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində "Sabahın alimləri" II Respublika Müsabiqəsi başlayıb. SİA-nın məlumatına görə, müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və "Mədəd" təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilir. İki gün davam edəcək tədbirdə Bakı və Sumqayıt məktəbliləri üçün keçiriləcək "Açıq qapı" tədbirində məktəblilər tədqiqat layihələrinin sərgisi ilə tanış ola biləcəklər.

Təhsil naziri Misir Mərdanov tədbirdə çıxışında bildirib ki, müsabiqədə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edir. "Müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinə baxış keçirmək və ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərini seçməkdir"-deyən Misir Mərdanov qeyd edib ki, seçilən məktəblilər ABŞ-da hər il keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə - Intel ISEF-ə göndəriləcək: "Müsabiqədə 73 elmi layihə ilə 116 şagird iştirak edir. Həmin layihələrdən 37-si kollektiv, 36-sı isə fərdi şəkildə hazırlanıb. Keçən ilə nisbətən layihələrin sayı 47-dən 73-ə qədər artıb. Bakıda yerləşən məktəblərdən 34 layihə 52 şagird, Sumqayıt məktəblərindən isə 39 layihə 64 şagird müsabiqəyə buraxılıb".

Daha sonra gənclər və idman naziri Azad Rəhimov ölkədə belə bir müsabiqənin keçirilməsini təhsil sahəsində inkişafın göstəricisi kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə