Magistratura pilləsi üzrə qəbul planı10-15% artır

Magistratura pilləsi üzrə qəbul planı10-15% artır

2013/2014-cü tədris ili üçün magistraturaya qəbul planının martın sonu, aprelin əvvəllərində TQDK-ya təqdim ediləcəyi gözlənilir

"Azərbaycanda hər il ali məktəblərin magistratura pilləsinə qəbul planında artım müşahidə edilir. Belə ki, hər il magistratura pilləsi üzrə qəbul planı 10-15% artır. Amma builki qəbul planı hələ ki Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edilməyib". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev "Magistr" jurnalının 2-ci sayının təqdimatında deyib.

O bildirib ki, 2013/2014-cü tədris ili üçün ali məktəblərin magistratura pilləsi üzrə qəbul planının martın sonu, aprelin əvvəllərində müvafiq qurumlar tərəfindən komissiyaya təqdim ediləcəyi gözlənilir. Bundan sonra "Magistr" jurnalının 3-cü sayında magistraturaya qəbul proqramı və ixtisaslar qeyd olunacaq.

Natiq Əliyev növbəti tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanı zamanı bəzi ixtisaslar üzrə keçid ballarının necə olmasına da aydınlıq gətirib. O qeyd edib ki, adətən hər il magistratura pilləsi üzrə humanitar ixtisaslar üzrə ən yüksək, kənd təsərrüfatı, idman və hərbi təyinatlı ixtisaslar üzrə ən aşağı keçid balları qeydə alınır. N.Əliyevin sözlərinə görə, bu il də belə nəticələr gözlənilir.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə