TQDK sədri müraciət etdi: "Özəl ali məktəblər təhsilin səviyyəsini qaldırmalıdır"
TQDK sədri müraciət etdi

"Azərbaycanda ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunan tədbirdə deyib. O bildirib ki, abituriyentlər ərizələrinin ilk mövqelərində, əsasən dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar.

Onun sözlərinə görə, 2012-ci ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 6.31 faiz olub. 2000-ci illərin başlanğıcında bu göstərici 0.67 faiz olub: "On ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox azdır. Bu baxımdan hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyil. İndiyə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl və dövlət ali təhsil müəssisələrinin bir-biroləri ilə rəqabət imkanları məhdud idi. Özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq və ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək üçün həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Lakin təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə