“Qəbul planı ilə ərizələrin sayı uyğunlaşmır”

“Qəbul planı ilə ərizələrin sayı uyğunlaşmır”

"Gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalıdır. Bu il Azərbaycanda ali məktəblərin ixtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq olub". SİA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, III qrupda ərizələrin, II qrupda isə plan yerlərinin nisbi çəkisi böyükdür: "Təhlillər göstərir ki, ixtisas qrupları üzrə qəbul planı və ərizələrin nisbi çəkiləri arasında qeyri-tarazlıq var. Ümumi qəbul planının II ixtisas qrupu üçün ayrılmış hissəsi abituriyent ərizələrinin həmin ixtisas qrupuna düşən hissəsindən böyük, III ixtisas qrupunda isə əksinə, kiçikdir. I və IV ixtisas qruplarında isə bu iki göstərici arasında, demək olar ki, uyğunluq mövcuddur".

TQDK sədri həmçinin qeyd edib ki, respublikamızda texniki ixtisaslara ehtiyac çoxdur: "Deməli, son illər ali təhsil müəssisələrinə tələbə qəbulu planında edilən dəyişikliklər artıq öz müsbət nəticəsini verməkdədir. Bu gün I ixtisas qrupunu seçən abituriyentlərin nisbi çəkisi ilə həmin ixtisas qrupu üçün ayrılmış plan yerlərinin nisbi çəkisi arasında artıq tarazlıq mövcuddur. Yalnız II qrupda plan yerlərinin nisbi çəkisi abituriyent ərizələrinin nisbi çəkisini üstələyib. Bu qrupda plan yerlərinin çox, ərizələrin sayının isə nisbətən az olması müsabiqə vəziyyətinə mənfi təsir göstərib".

Nəticədə hazırlıq səviyyəsi o qədər də yüksək olmayan abituriyentlər ali təhsil almaq imkanı əldə edib, deyən M.Abbaszadə onu da əlavə edib ki, bu baxımdan, gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalıdır: "Qəbul planında kəskin sıçrayışlar edilməməli, gələcək perspektivlər müəyyən edilməli, bir sözlə, uğurlu qəbul planı siyasəti aparılmalıdır".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə