Azərbaycan və Türkiyənin rolu

ASAIF (Xaricdə Təhsil alan və Məzun olmuş tələbələrin Beynəlxalq forumu) xaricdə müxtəlif mövzularda tədbir və konfransların keçirilməsi işini davam etdirir. Bu dəfə ASAIF və Network of Students (NOS) tərəfindən Böyük Britaniya Parlamentində "Avropa Enerji Təhlükəsizliyinin Təminatı: Azərbaycan və Türkiyənin rolu" adlı növbəti bir konfrans təşkil ediləcəkdir. Təşkilatdan SİA-ya verilən məlumata görə, tədbirin 13 Fevral 2013-cü il, Westminister Sarayı İcmalar Palatasında saat 19:00 – 21:00-da keçirilməsi nəzərdə tutulur.

Konfrans Avropa Enerji Təhlükəsizliyin əsas elementlərini, Azərbaycanın qaz ixracatçısı kimi və Avropa Birliyinin qaz idxalatçısı və bazarı kimi, Türkiyənin isə transit ölkə kimi rollarından bəhs edəcək və bu iki ölkə ilə Avropa arasındakı əməkdaşlıq qabardılacaq. Xüsusilə TANAP layihəsinin, qaz boru xəttinin ərsəyə gətirilməsi ideyası, uğuru, hal-hazırdakı vəziyyət və bundan sonrakı mərhələ üçün həm region həm də Avropa üçün gözləniləcək olan dəyişikliklərdən bəhs olunacaq. Əsas məqsədlərdən biri və ən birincisi Qarabağ reallığını əks etdirən məqamların xarici tələbələrin və ümumən gələn qonaqların nəzərinə çatdırılmasıdır. Bu isə enerji kontekstində, xüsusilə çəkilən neft və qaz boru kəmərlərinin marşrutundan danışılarkən bəhs ediləcək.

Konfransda Eric Joyce (Böyük Britaniyanın Millət Vəkili), Yaşar Yakış ( Türkiyənin sabiq Xarici İşlər Naziri, sabiq BMT-in Avstriya, Misir və Səudiyyət Ərəbistan üzrə səfiri, Millət Vəkili), Fəxrəddin Qurbanov (Azərbaycan Respublikasının Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri) və Rövşən İbrahimovun (Xarici Siyasətin Analizi şöbəsinin müdiri, SAM) çıxışları gözlənilir.

Mehmeh Öğütçü (Türkiyənin Baş Nazirinin sabiq müşaviri, sabiq OECD sədri, BP baş məsləhətçi (UK), Global Resources Corporation – ın sədri (UK)), Rüfət Əfəndiyev (SOCAR-ın Böyük Britaniya Ofisinin sədri), Ceyhun Osmanlı (Millət Vəkili, Azərbaycan), Orxan Əkbərov (Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri), Rüfət Əzizov ( UNIMETAL-ın icraçı direktoru) kimi qonaqların və eləcə də Almaniya, Fransa, Litva və bir çox digər ölkələrdə təhsil alan ASAIF-çilərin və xarici tələbələrin qatılacağı konfransda 150 nəfərdən çox iştirakçı olacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə