Türkdilli ölkələrin ortaq təhsil telekanalı yaradılacaqmı?

Türkdilli ölkələrin ortaq təhsil telekanalı yaradılacaqmı?

Təhsil naziri Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, nazir Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində əməkdaşlığımızın inkişafı üçün konkret müddəaların müəyyənləşdirilməsinin daha səmərəli nəticələr verəcəyinə əmin olduğunu bildirib. Təhsil naziri Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində sürətlə inkişaf etdiyini nəzərə çatdırıb.

Türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul olunması məsələsinə toxunan Xəlil Akıncı, həmçinin ortaq tarix və ədəbiyyat dərsliklərinin hazırlanması işinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Universitetlərarası əlaqələrin inkişafı barədə fikirlərini bildirən baş katib tədris proqramlarının uyğun hazırlanması, diplomların qarşılıqlı tanınması və ortaq təhsil telekanalının yaradılması məsələlərinin əhəmiyyətinə diqqət çəkib.

Misir Mərdanov, həmçinin türkdilli ölkələrin ortaq təhsil telekanalının yaradılmasının gərəkli olduğunu vurğulayıb. Daha sonra görüşdə türkdilli ölkələr arasında təhsil sahəsində əlaqələrin möhkəmlənməsi işinin daha səmərəli təşkili və bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə