Azərbaycanla Türkiyə arasında təhsil müzakirəsi aparılıb

Misir Mərdanov Türkiyə Ali Təhsil Şurasının nümayəndə heyətini qəbul edib
Azərbaycanla Türkiyə arasında təhsil müzakirəsi aparılıb

Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Təhsil Nazirliyində görüş keçirilib.

Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, Misir Mərdanov Türkiyə Ali Təhsil Şurasının sədri G.Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda keçirdiyi bir sıra görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən bəhs edən nazir iki ölkənin təhsil sahəsində qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkib.

Nazir Azərbaycanın təhsil sistemi haqqında ətraflı məlumat verib, ölkəmizin dünya təhsilinə inteqrasiya sahəsində uğurlu addımlar atdığını bildirib. Hazırda Türkiyə ali məktəblərində 4000-dən çox azərbaycanlı gəncin təhsil aldığını nəzərə çatdıran nazir ölkələrimiz arasında tələbə mübadiləsinin genişləndirilməsi üçün hərtərəfli imkanların olduğunu vurğulayıb. Bu baxımdan Qafqaz Universitetlər Birliyinin fəaliyyətinə diqqət çəkən təhsil naziri birgə elmi-tədqiqat layihələrinə xüsusi diqqət yetirilməsinin vacibliyini söyləyib.

Ali Təhsil Şurasının sədri Gökhan Çetinsayan Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, birgə tələbə mübadiləsinin aparılması haqqında fikirlərini bildirib. Qonaq müasir dünyada elm və təhsilin səviyyəsinin yüksəldilməsinə xüsusi önəm verilməsinin əhəmiyyətindən bəhs edib, ali məktəblərimiz arasındakı münasibətlərin inkişafının zəruriliyini vurğulayıb.

Görüşdə Qafqaz Universitetlər Birliyinin üzvü olan Azərbaycan ali məktəblərinin rektorlarına müvafiq diplomlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə