20 Yanvar faciəsi SDU-da anıldı FOTO

20 Yanvar faciəsi SDU-da anıldı FOTO

Sumqayıt Dövlət Universitetində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anım tədbiri keçirililib. SDU-dan SİA-ya verilən məlumata görə, tədbirdən öncə torpaqlarımızın azadlığı, eləcə də 20 Yanvar hadisəsi zamanı canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra adı çəkilən universitetin rektoru, professor Nadir Qəhrəmanov faciə baş verən ərəfədə regionda və ölkəmizdə yaranmış siyasi vəziyyət barədə danışıb. Qeyd edilib ki, 20 Yanvar hadisəsi xalqımızın müstəqillik arzusuna qarşı öncədən planlaşdırılmış qətliam idi: "Bu hadisəyə ilk siyasi qiyməti ulu öndər Heydər Əliyev verib, hadisədən dərhal sonra Moskvadan baş verən faciənin obyektiv şəkildə araşdırılmasını, hadisəyə hüquqi qiymət verilməsini tələb edib. 20 Yanvar şəhidləri arasında Sumqayıt Dövlət Universitetinin tələbələri də olub".

Daha sonra Ümumi Tarix kafedrasının müdiri professor Şirxan Səlimov 20 Yanvar faciəsi, onun siyasi mahiyyəti barədə məruzə ilə çıxış edib. Professor qeyd edib ki, bu hadisə nəinki xalqımızın azadlıq mübarizəsini zəiflətmədi, onu bir qədər də sürətləndirdi.

Universitetin tələbələri - Leyla Muradzadə və Saməddin Qənbərov da qanlı gecə və bu faciəyə bu gün ki gənclərin baxışı barədə danışıblar və həmin hadisənin iştirakçısı olan universitetin dosenti Qalib Hüseynov isə həmin gün barədə xatirələrini bölüşüb.

Tədbirdə iştirak edən şəhid ailələri isə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə