Qardaş ölkələr arasında Anlaşma Memorandumu imzalanıb

Qardaş ölkələr arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi Türkiyənin altı universitetinin rektorlarından ibarət nümayəndə heyəti Bakı Dövlət Universitetinin qonağı olub. SİA-nın xəbərinə görə, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, digər sahələrdə olduğu kimi təhsil sektorunda da iki ölkə arasında dostluq və əməkdaşlıq daim inkişafdadır: "BDU Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələrin inkişafına böyük önəm verir. İki qardaş ölkənin elm və təhsil sahəsindəki əməkdaşlığında bəzi xırda problemlər var. Tibb, hüquq sahəsi ilə bağlı məsələlər səfər çərçivəsində araşdırılacaq ki, bu problemlər də öz həllini tapsın".

Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya deyib ki, hər iki ölkənin təhsil sistemində uğurlar əldə olunub. Lakin bununla kifayətlənmək olmaz: "Bundan sonra da elm təhsil sahəsinin iki ölkə arasında qarşılıqlı inkişafına şərait yaradılmalı, hələ də öz həllini gözləyən problemlər müzakirə edilməli və çıxış yolları tapılmalıdır".

Təhsil nazirinin müavini Qulu Novruzov da iki ölkə arasında təhsil sahəsinin inkişaf etdiyini və zəngin hüquqi bazanın mövcud olduğunu deyib. Rəsminin sözlərinə görə, bu səfər ali təhsil sahəsində yeni bir səhifə olacaq.

Tədbirdə BDU ilə Anadolu və Rəcəb Tayyib Ərdoğan Universitetləri arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanan müqavilələr tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, simpozium, qarşılıqlı maraq doğuran layihə, proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə