Məlum olduğu kimi tələbə gənclərin sosial, iqtisadi, mənzil-məişət problemlərinin həll edilməsi üçün bir sıra dövlət proqramları həyata keçirilir. SİA-nın verdiyi məlumata görə, tələbələrə güzəştli kartların verilməsi, tələbə yataqxanalarının yenidən bərpa olunması nəzərdə tutulur.
Bu proqram çərçivəsində indiyədək müəyyən güzəştlər verən 65 min tələbə kartı artıq paylanılıb. Bu proses hazırda da davam edir. Kart sahibi olan tələbə gənclər ölkənin müxtəlif mağazalarında, əyləncə və alış-veriş mərkəzlərində, komputer mağazalarında və bu kimi digər yerlərdə 5%-dən 50%-ə qədər endirim əldə edirlər. Bununla yanaşı unuversitetlərin tələbə yataqxanalarında yaşayan qaçqın və məcburi köçkünlərin köçürülməsi prosesinə də artıq başlanıb. Köçürülmədən sonra tələbə yataqxanaları təmir olunacaq, digərləri isə sökülərək əvəzinə yeniləri tikiləcək.
Mövzu ilə bağlı Musa Qasımlı bildirib ki, 2011-2015-ci illərdə Dövlət Proqramı çərçivəsində tələbələr bir sıra ödənişlər etdikdə kartlardan 50 faizə qədər güzəşt əldə edə bilərlər: "Bu proqramın tətbiq olunmasını faydalı hesab edirəm. Hər şeydən əvvəl müəyyən güzəştlər edilməklə gənclərin bır sıra problemlərinin həll olunmasına ehtiyac var. Bu güzəştlərin edilməsinin isə yalnız faydası ola bilər. İnanıram ki, proqramdan gənclərimiz kifayət qədər faydalana biləcəklər".
M.Qasımlı dövlətimizin gənclər siyasətində sosial məsələlərdən birinin də tələbə gənclərin yataqxana probleminin həll olunması dayandığını söyləyib: "Universitetlər tələbələri yataqxana ilə təmin etməlidir. Köhnə yataqxanalarda məskunlaşan məcburi köçkünlər oradan çıxarılmalı və müvafiq yerlərə köçürülməlidir. Bu proses isə artıq başlanıb. Çünki elə valideyinlər var ki, övladlarına kirayə haqqını verə bilmir, onların təhsil almasında çətinlik çəkirlər. Universitetlərin yataqxanaları bərpa olunduqdan sonra xarici ölkələrdən gələn tələbələr gəlib bu yataqxanalrada yerləşə bilərlər. İkinci bir məsələ gənclərin mənzil şəraitin yaxşılaşdırılması məsələsidir. Bu məsələlərin də həll olunmasında xüsusi dövlət proqramı təsdiq olunub. Həmin proqram çərçivəsində ipoteka kreditləri veriləcək. Bu kreditlərin isə bir az da sadələşdirilmiş formaya salınmasına ehtiyac var".
Bakı dövlət Universitetinin mətbut xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki,yataqxanalardan qaçqın və məcburi köçkünlər çıxarılacaq və dövlətimiz tərəfindən inşa edilmiş, hər cür şəraiti olan mənzillərə yerləşdiriləcək. Köhnə yataqxanalar söküləcək, yerində yeni yataqxanalar inşa olunacaq. Tələbə gənclərə verilən kartlar yüksək qiymətləndirilməlidir. Çünki bu proqram tələbələrin xeyrinədir. Bu kimi məsələlərin genişləndirilməsi əhəmiyətlidir. Belə ki, BDU-nun 5 mərtəbəli 9 yataqxanası söküləcək. Onların yerində daha müasir, 16 mərtəbəli yataqxanalar tikiləcək. Həmin yataqxanalarda 10 minə yaxın tələbə yaşaya biləcək.
Yeni yataqxanaların bir hissəsinin 2013-cü ilin sentyabrınadək istifadəyə verilməsi nəzərdə tutulur. Yataqxanalarda məskunlaşmış 2972 köçkün ailəsi Abşeron rayonunda salınmış köçkün şəhərciyinə köçürüləcək.
Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyev isə bildirib ki, universitet tələbələrini yataqxanalarla təmin etməyə çalışır. Lakin rayondan gələn tələbələrin hər birini yataqxana ilə təmin etmək mümkün deyil. Çünki universitetin hal-hazırda bir yataqxanası fəaliyyət göstərir. Tələbələr üçün verilən kartlar artıq paylanılmışdır. Atılan bu addımlar gənclərin və gənc tələbələrin maddi vəziyyətlərinə kömək edir.
Ruqiyyə Cəfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB