İnternat məktəbdə pul yığılması faktı doğru deyil

İnternat məktəbdə pul yığılması faktı doğru deyil

Bəzi kütləvi informasiya vasitələrində 11 nömrəli xüsusi internat məktəbi haqqında heç bir əsası olmayan, hər hansı bir fakta söykənməyən məlumatlar dərc edilib. SİA-ya internat məktəbdən verilən məlumata görə, qeyd olunanlar barədə tam məsuliyyətlə bildiririk ki, yazılanlar həqiqətə uyğun deyil, qərəzli və böhtan xarakterlidir.

Bildiririk ki, internat məktəbində heç bir müəllimdən hər hansı bir ad altında və ya hər hansı bir formada pul yığılmır. Uşaqların müxtəlif işlər görülməyə məcbur edilməsi də böhtandır. Belə ki, internat məktəbində uşaqların asudə vaxtının təşkili ilə bağlı 17 dərnək fəaliyyət göstərir. Uşaq hüquqlarına dövlət nəzarəti məqsədilə Ombudsman təsisatı, həmçinin 2012-ci ilin may ayında UNİCEF ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə monitorinqi həyata keçirilib. Sağlamlıq imkanları məhdud uşaqları fiziki inkişafı sahəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq internat məktəbinin şagirdləri 2011-ci ildə Yunanıstanda keçirilən beynəlxalq yarışlarda I-ci və II-ci yeri, 2012-ci ilin may ayında Türkiyədə keçirilən sağlamlıq imkanları məhdud uşaqlar üçün keçirilən beynəlxalq idman yarışında isə I-ci və III-cü yerlərə layiq görülmüşlər. Məktəbin şagirdlərindən ibarət rəqs qrupu Sabunçu rayonu üzrə keçirilən tədbirlərdə iştirak edirlər. Məktəblərdə şagirdlərdən ibarət xor dərnəyi fəaliyyət göstərir. İnternat məktəbində şagirdlərin əl işlərindən ibarət sərgi də vardır. 2011-2012-ci tədris ili üzrə məktəbin məzunları içərisindən 2 nəfər ali təhsil müəssisəsinə, 1 nəfər isə orta ixtisas müəssisəsinə daxil olmuşdur.

Məktəbdən bildiriblər ki, müəssisədə əmək haqqı və "Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 200 nömrəli qərarına əsasən, uşaqların sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 manat müavinətin verilməsi şəxslərin özlərinə verilmiş kartlar vasitəsi ilə həyata keçirilir. İnternat məktəbində 2003-2004-cü illərdə Maliyyə Nazirliyi ilə razılaşdırılaraq məktəbdə ümumtəhsil siniflər açılıb. Hal-hazırda məktəbin 799 nəfər şagird kontingenti içərisindən 144 nəfər şagirdi sağlamlıq imkanları məhdud uşaqlardır. Şagirdlərin diaqnozlarının pul ilə alınmasına gəldikdə isə bildiririk ki, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş Psixoloji-Tibbi-Pedaqoji Komissiyanın qərarı ilə həyata keçirilir. Təhsil Nazirliyinin 2003-cü il 05 may tarixli 349 nömrəli əmrinə əsasən, komissiyanın tərkibi 12 nəfərdən ibarətdir. Onlardan 7 nəfəri təhsil işçisi və 5 nəfəri müxtəlif sahələr üzrə həkimlərdən ibarətdir. Komissiya tərəfindən uşağın qiymətləndirilməsi və onun xüsusi təhsilə cəlb olunması üçün valideyn tərəfindən komissiyaya müraciət olunur. Uşaq da valideyni tərəfindən komissiyaya aparılır. Qəbul üçün uşağa məxsus sənədləri uşaq ilə birlikdə valideyn özü müəssisəyə gətirir. Qeyd olunanlarla bağlı bildiririk ki, 2001-ci il 5 iyun tarixli 136-IIQ nömrəli "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən, yalnız xüsusi təhsil siniflərində işləyən pedaqoji heyətin əmək haqlarına 50 faiz əlavə edilir.

Müəssisədə ölü canlıların saxlanması praktiki mümkün deyil. Müəssisədə 144 nəfər sağlamlıq imkanları məhdud uşaq təlim-tərbiyə alıb yaşayır. Bu səbəbdən də müəssisədə 24 saatlıq iş rejimi var və tərbiyəçilər, texniki heyət növbəlilik qaydasında işləyirlər. Bu səbəbdən də pedaqoji heyətin işə qəbulu isə "Müəllimlərin işə qəbulu üzrə Qaydalar"a əsasən, Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müəssisə rəhbərliyi tərəfindən vakant yerlərin siyahısı nazirliyə təqdim olunur ki, bu da pedaqoji kadrların yerləşdirilməsində şəffaflığı təmin edir.

Ərzaq məhsullarının keyfiyyətsiz olması da böhtandır. İnternat məktəbində bu günədək zəhərlənmə halları baş verməyib. Uşaq kollektivinin qidalanması ilə bağlı məsuliyyəti dərk edirik və hər gün 2 dəfə (nahar və şam yeməyi üçün) xörək hazırlanır. Sabunçu rayon Gigiyena və Epidemiologiya Mərkəzinin məsul əməkdaşı tərəfindən ərzaq məhsullarına baxış keçirilir və hazırlanmış xörəklərdən nümunə götürülür.

Bildiririk ki, müəllifin böhtan xarakterli məqaləsi valideynlərin və pedaqoji heyətin də haqlı narazılığına səbəb olub. Belə ki, məqalədə qeyd olunalar müəyyən subyektiv maraqlara xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə