TQDK müraciət etdi

2013-cü ildə ali məktəblərin magistraturalarına sənəd verən bakalavrların xarici dillər üzrə yazı işlərinin qiymətləndirməsində xarici təşkilatların nümayəndələri iştirak edəcək. SİA-nın xəbərinə görə, bunun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, komissiya xarici fənlər üzrə qiymətləndirməni bir çox beynəlxalq təşkilatlarla birgə işlər aparır. Onun sözlərinə görə, rus və ingilis dilində olan materialları beynəlxalq ekspertlərin köməyi ilə qiymətləndirmək imkanı var: "Hazırda bu sahədə müvafiq danışıqlar aparılır. Yəqin ki, informasiya-kommunikasiya texnologiyaları bu işi həyata keçirməyə imkan verəcək. Bu il keçirilməsi nəzərdə tutulan bu proses yalnız rus və ingilis dilləri üzrə qiymətləndirmə işləri ilə bağlıdır".

N.Əliyev eyni zamanda magistraturaya qəbul imtahanında elektron imzanın tətbiqi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, elektron imza ilə sənəd verənlər üçün proqram təminatı hazırlanıb: "Ancaq elektron imzaların alınması TQDK-nın səlahiyyətinə aid olan məsələ deyil, bu sahədə biz nə isə deyə bilmərik".

TQDK-nın şöbə müdiri həmçinin qeyd edib ki, növbəti tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul planı hələlik məlum deyil. Onun sözlərinə görə, bu barədə məlumat fevraladək açıqlana bilər.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə