Bu gün Sumqayıt Dövlət Universiteti (SDU) Tələbə elmi cəmiyyətinin VII ənənəvi elmi konfransı sona çatıb. SDU-nun mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədovun SİA-ya verdiyi məlumata görə, dekabrın 25-də işinə başlayan konfransı universitetin rektoru, professor Nadir Qəhrəmanov açaraq bir neçə gün öncə bu ali təhsil ocağının yaranmasının 50 illiyi ilə bağlı keçirilən mərasimin yüksək səviyyədə təşkil olunduğunu bildirib, SDU-nun son illərdə qazandığı uğurlardan, universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün aparılan işlərdən, eyni zamanda tələbələrin elmi fəaliyyətindən söhbət açıb.
Rektor qeyd edib ki, hər il öz tezisiləri ilə konfransda iştirak edən tələbələrin sayı artmaqdadır. "Bu, təhsilimizin və elmimizin inkişafından xəbər verir" – deyən N.Qəhrəmanov bildirib ki, belə konfransların keçirilməsi elmi işlərlə məşğul olan tələbələr üçün çox vacibdir.
Daha sonra çıxış edən universitetin elmi işlər üzrə prorektoru, professor Yadigar Hüseynov deyib ki, konfrans işini bölmə iclaslarında davam etdirəcək, məruzələr daha sonra kitab halında çap ediləcək, ən yaxşı çıxışlara görə tələbələr Fəxri Fərmanlarla təltif olunacaq.
Rus dili kafedrasının müdiri Ramazan Məmmədov da konfrans barədə məlumat verərək, onun əhəmiyyətindən danışıb.
Bu gün isə konfransın işinə yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB