Bu gün Sumqayıt Dövlət Universitetində (SDU) Təhsil Nazirliyi və "Çağ öyrətim" İşlətmələrinin birgə təşkil etdiyi şagirdlər arasında keçirilən "Ana dilimizi sevək, sevdirək" müsabiqəsinin finalına həsr olunmuş təntənəli mərasim keçirilib. SİA-nın məlumatına görə, tədbirdə müsabiqənin Sumqayıt finalının təşkilatçıları olan Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov, Sumqayıt şəhər Təhsil Şöbəsinin Mahal Əliyev və "Çağ öyrətim" İşlətmələrinin rəisi Məsud Kurnazla bərabər Qafqaz Univeristetinin rektoru, professor Ahmet Sanıç və Sumqayıt şəhərinin təhsil işçiləri, müəllimlər və şagirdlər iştirak edirdilər.
Qonaqları salamlayan SDU-nun rektoru, professor Nadir Qəhrəmanov bildirib ki, bu günlərdə Sumqayıt Dövlət Universitetində bu ali təhsil ocağının yaranmasının 50 illiyi ilə bağlı təntənəli tədbir keçirilib. SDU-nun keçdiyi qısa, lakin şərəfli və zəngin yol barədə məlumat verən rektor bu müsabiqənin final mərhələsinə qədər yüksəlmiş şagirdləri SDU-nun tələbəsi kimi görmək istədiyini dilə gətirib. Azərbaycan dili, onun formalaşma tarixindən bəhs edən rektor deyib ki, dilimiz bizim ən müqəddəs atributlarımızdan biridir.
Daha sonra çıxış edən Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Çamalan müsabiqə barədə məlumat verib, onun əhəmiyyətindən danışıb. Bildirilib ki, müsabiqəyə 30 məktəbdən 140 şagird qatılıb.
Sonra isə müsabiqənin Finalına start verilib. Şagirdlərin rəngarəng təqdimatlarından sonra münsiflər heyətinin qiymətləndirmələri əsasında qaliblər müəyyən olunub, onlara mükafatlar təqdim edilib.
Qeyd edək ki, orta məktəb şagirdləri arasında keçirilən müsabiqə dil, qrammatika, şeir, mahnı və internet səhifələrin yığılması kateqoriyalarını əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB