Təhsil naziri Misir Mərdanov Təhsil Problemləri İnstitutunun uşaqların orta məktəblərin I sinfinə müsabiqəyə qəbulu ilə bağlı yeni təkliflərə münasibət bildirib. SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda adi, lisey və internat məktəbləri var. Nazirin sözlərinə görə, lisey məktəblərinin digər məktəblərdən əsas fərqi odur ki, orada çalışan müəllimlərin əmək haqqı digər məktəblərdə işləyənlərin əmək haqqından 15 faiz yüksəkdir: "Təhsilin keyfiyyəti yüksək olan məktəblərə lisey statusu veririk. O məktəblərə isə şagirdlər seçmə yolla qəbul edilir. Əgər keyfiyyət axtarırıqsa, onda seçimə getməliyik. Ancaq eyni zamanda bizim borcumuzdur ki, Azərbaycanın bütün şagirdlərinin icbari orta təhsil almasına şərait yaradaq".
M.Mərdanov problemin həlli üçün şagirdləri I sinifə müsabiqə ilə qəbul edən məktəblər yaxınlıqda yaşayan, amma müsabiqədən keçməyən uşaqlar üçün ayrıca qrupun təşkil edilməsi ilə bağlı təklifinə də münasibət bildirib: "O da yaxşı bir təklifdir. Mən buna etiraz etmirəm. Ancaq bunun mexanizmi düşünülməlidir. Mexanizm hazırlansa, mən buna etiraz etmərəm".
Qeyd edək ki, Təhsil Problemləri İnstitutunun təkliflərinə görə, lisey-məktəb olub-olmamasından asılı olmayaraq, bu müəssisələr onların ərazisinə çox yaxın yerdə yaşayan, müsabiqədən keçməyən uşaqları da I sinfə qəbul etməlidirlər.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB