NDU-da yubilyar pedaqoq ilə görüş olub

NDU-da yubilyar pedaqoq ilə görüş olub

Naxçıvan Dövlət Universitetinin (NDU) "Ümumi və nəzəri fizika kafedrası"nın müdiri işləmiş, hazırda isə bu kafedranın müəllimi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Məmməd Bektaşinin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar universitetin rektoru, akademik İsa Həbibbəyli, eləcə də bir qrup müəllim və tələbənin qocaman pedaqoq ilə görüşü olub.

NDU-nun mətbuat şöbəsindən bildiriblər ki, görüşdə rektor M.Bektaşinin çoxillik elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirib. Qeyd olunub ki, M.Bektaşi 1927-ci ildə Naxçıvan şəhərində anadan olub, 1946-cı ildə ikiillik Naxçıvan Dövlət Müəllimlər İnstitutunun, 1955-ci ildə isə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini müvəffəqiyyətlə bitirib. O, 1970-ci ilədək Naxçıvan şəhərində bir sıra orta məktəbdə, daha sonra Naxçıvan Pedaqoji Məktəbində müəllim kimi fəaliyyət göstərib. M.Bektaşi 1970-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda fizika fənninin tədrisi üzrə baş müəllim işləyib, həmin ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun dissertantı olub, 1977-ci ildə elmlər namizədi dissertasiyasını müdafiə edib, 1989-cu ildə dosent adına layiq görülüb. Onun elmi məqalələri və kitabları çap olunub. M.Bektaşi bir sıra medallarla, o cümlədən 80 illik yubileyi münasibətilə Azərbaycan Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanına, 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən "Azərbaycan Respublikasının Əməkdar Müəllimi" fəxri adına layiq görülüb.

Məmməd Bektaşi elmi pedaqoji fəaliyyətini hər zaman yüksək qiymətləndirdiklərinə görə ölkəmizin başçısına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə və universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə keçirilən görüşdə universitet rəhbərliyi tərəfindən yubilyara hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə