“Serbiya gənclərin gözü ilə”

“Serbiya gənclərin gözü ilə”

Serbiyanın ölkəmizdəki səfirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) arasında əməkdaşlıq çərçivəsində ATGTİ-nin qərargahında, səfir Zoran Vayoviçin iştirakı ilə "Serbiya gənclərin gözü ilə" adlı təqdimat tədbiri keçirilib. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, tədbirdə çıxış edən cənab səfir qeyd edib ki, bu gün Serbiya Azərbaycanla əlaqələrin hərtərəfli inkişaf etdirilməsində maraqlıdır və bu sahədə gənclərin rolu, gənclərlə iş əlbəttəki prioritet məsələlərdən biridir. Eyni zamanda cənab Vayoviç gənclərə, onların belə bir təşəbbüslərinə görə təşəkkür edib.

Daha sonra ATGTİ nəzdində fəaliyyət göstərən "Tarix", "Rəssamlar", "Biznes", "Jurnalistlər" və "Diplomatiya" işçi qrupları Serbiyanın tarixini, mətbəx və mədəniyyətini, iqtisadiyyatını və Azərbaycanla Serbiya arasında diplomatik əlaqələrin yaranma və inkişaf mərhələlərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbir zamanı Serbiyanın idman nailiyyətləri, turizm imkanları ilə bağlı videoçarxlar göstərildi və tədbir iştirakçılarına Serbiya haqda müxtəlif məlumat kitabçaları, buklet və kiçik xatirə hədiyyələri təqdim edilib.

Sonda Serbiyanın ölkəmizdəki səfiri Zoran Vayoviç tələbə-gənclərin suallarını da cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə