Bu gün "Xalq kompyuteri" Layihəsinə həsr edilmiş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə, Təhsil Nazirliyinin Təhsilin İdarə Edilməsi Məlumat sistemi (TİMS) şöbəsinin müdiri İsmayil Sadiqov, Microsoft Azərbaycan nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov, HP Azərbaycan fərdi və çap sistemlər qrupunun ölkə üzrə rəhbəri Rasim Baxşı və BestComp Group şirkətinin baş meneceri Rauf Həsənov iştirak edib.
Elmir Vəlizadə tədbiri giriş nitqi ilə açaraq qeyd edib ki, "Xalq kompyuteri" layihəsi çərçivəsində Azərbaycan orta məktəbinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompyuterlər almaq imkanı əldə ediblər: "Layihənin əsas məqsədi - əhalinin müxtəlif sosial təbəqələrinə müasir kompyuterlər və lisenziyalı proqram təminatı almaq üçün şərait yaratmaq, regionlarda İKT-nin geniş tətbiqi vasitəsilə "rəqəmli fərqliliyin" aradan qaldırmaq və Azərbaycan hökumətinin informasiya cəmiyyəti və "elektron hökumət"-in inkişafına yönəlmiş fəaliyyətlərini dəstəkləməlidir".
Daha sonra çıxış edən İsmayil Sadiqov isə deyib ki, layihə 3 il bundan əvvəl hazırlananda belə uğurlu olacağını gözləmirdilər: "Layihənin bu səviyyədə uğurlu alınmasının səbəbi fərdi kompyuterlərdən istifadənin artmasıdır".
Layihə çərçivəsində 20.000-ci (iyirmi mininci) kompyuter alıcısı Naxçıvan Muxtar Respublikasının sakini Cəfərov Ruslan Fərəməz oğlu olub. Yubiley alıcıya onun əldə etdiyi kompyuter pulsuz təqdim edilib.
Konfransın sonunda isə BestComp Group şirkətinin baş meneceri Rauf Həsənov bəzi statistik məlumatları tədbir işçilərinin diqqətinə çatdırıb: "Layihə başalanandan bu günə qədər 13 milyon manatdan çox vəsait yatırılıb ki, onun 3 milyon manatı 2012-ci ildə həyata keçirilib. Kompyuterlərin 16% - i Bakıda , 13,3% - i Naxçıcan Muxtar Respublikasında, qalanları isə digər regionlarda olan istifadəçilər tərəfindən əldə edilib".
Qeyd edək ki, layihə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ,Təhsil Nazirliyi, HP şirkəti və Microsoft şirkəti ilə birgə həyata keçirilib. Layihənin operatoru isə BestComp Group şirkətidir.
Yeganə Süleymanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB