Təhsil alma şərtləri çətinləşdirildi

"Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"na dəyişiklik edilib
Təhsil alma şərtləri çətinləşdirildi

Azərbaycanda bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələr üçün kreditlərin sayı artırılıb. Nazirlər Kabinetindən mətbuata verilən məlumata görə, hökumətin "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"na yeni etdiyi dəyişikliklərə əsasən, ixtisasın təhsil müddətindən asılı olaraq, tələbələr bakalavriat səviyyəsində 240-300 kredit toplamalıdırlar.

İndiyədk isə bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 200-dən az olmamalı idi.

Bununla yanaşı, yeni dəyişikliklərdə bakalavriat səviyyəsi üzrə səhiyyə ixtisasları üçün kreditlərin sayı da ayrıca müəyyənləşdirilib. Bakalavr səviyyəsi üzrə səhiyyə ixtisaslarına yiyələnmək istəyən tələbələr təhsil aldıqları 6 il ərzində 300-360 kredit toplamalıdırlar.

Qeyd edək ki, dəyişiklikliyə əsasən, tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. Əvvəl isə 30 saata bərabər olan bir kreditin 15 saatı auditoriya, 15 saatı tələbənin sərbəst işinə görə müəyyənləşdirilirdi.

Bununla yanaşı, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə