Təhsil Nazirliyində rektorların müşavirəsi keçirildi

Təhsil Nazirliyində rektorların müşavirəsi keçirildi

Təhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib. Nazirlikdən bildiriblər ki, nazir Misir Mərdanov başa çatmaqda olan təqvim ilinin Azərbaycan üçün çox uğurlu olduğunu vurğulayıb, elm və təhsil sahəsində həyata keçirilən böyük əhəmiyyətli beynəlxalq layihələrdən söz açıb.

Sonra təhsil naziri ali təhsil sahəsi ilə bağlı təqdimat-məruzə ilə çıxış edib. Ali təhsil sahəsində görülmüş işlərdən söhbət açan M.Mərdanov bildirib ki, son illərdə ali təhsil müəssisələrinin maddi-texniki bazası əsaslı şəkildə yeniləşdirilib, yeni kampuslar istifadəyə verilib və bu təhsil ocaqlarının akkreditasiyası mexanizmi daha da təkmilləşdirilib. O, 2010-2012-ci illərdə 20 universitetin akkreditasiyadan keçirildiyinə diqqət çəkərək, ali məktəblərdə tədrisin kredit sistemi ilə təşkili istiqamətində əhəmiyyətli addımların atıldığını vurğulayıb.

Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqinin əsas məqsədləri, bu sahədə əldə edilmiş nailiyyətlər barədə fikirlərini bildirən nazir Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası istiqamətində atılan addımlar və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Məruzəçi ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hər bir təhsil alana düşən təhsil xərcləri barədə danışıb, dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbulun tənzimlənməsi, ali məktəblərdə təhsil alanların yekun attestasiyasının və müəllim hazırlığının təkmilləşdirilməsi, professor-müəllim heyətinin peşəkarlığının artırılması ilə əlaqədar məsələlərə toxunub. Nazir ali təhsil müəssisələrinin Avropa İttifaqı ilə birgə çoxsaylı əməkdaşlıq proqramları həyata keçirdiyini nəzərə çarpdırıb. Müvafiq əməkdaşlıq proqramları sayəsində görülmüş işlərdən bəhs edən natiq nəzərdə tutulan perspektiv tədbirləri müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Təhsil nazirinin təqdimat-məruzəsində toxunduğu məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Müzakirələrdə Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və başqaları ali təhsillə bağlı bir sıra məsələlər barədə fikirlərini bildirib və təkliflərini veriblər.

Sonra ali təhsil sahəsində vacib məsələlərin müvafiq qurum nümayəndələrinin iştirakı ilə yenidən müzakirəsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə