Tələbələrə seminar keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatında "Biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik" məktəbinin bu il qəbul olunan tələbələri üçün ilk seminar keçirilib. Seminarda partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov ümummili lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi üçün yeritdiyi siyasətin önəmindən danışıb.

Professor bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir: "Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Şəxsiyyət və lider kimi böyüklüyü ona hələ sağlığında ikən ümummilli liderlik zirvəsini fəth etmək imkanı vermişdir. Məhz bu qeyri-adi xüsusiyyəti sayəsində ulu öndər həm də idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici toplumunu arxasınca apara bilmişdir".

Qeyd olunub ki, Heydər Əliyevin liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının bu dahi şəxsiyyətə sonsuz etimadının əsas səbəblərindəndir.

Daha sonra seminar Heydər Əliyev irsinin öyrənilməsinə dair mühazirələrin dinlənilməsilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə