Sözün seçdiyi insan…

Bu gün Bakı Slavyan universitetində (BSU) nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı Əli İldrımoğlu ilə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözləri ilə Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanı dosent Səfər Məmmədov açaraq əvvəlcə tədbir iştirakçılarına Ə.İldırımoğlunun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, tələbələrə ədibin yaradıcılığından bir sıra nümunələr gətirib.

Bakı Slavyan Universitetinin rektoru prof. Kamal Abdullayev isə deyib ki, hamı yaza bilər, yazmağa cəhd edə bilər, amma bu o demək deyil ki, əlinə qələm alan hər kəsin yazıları oxucu tərəfindən qəbul ediləcək: "Bunun üçün yazardan xüsusi istedad - sözlə işləmək qabiliyyəti tələb olunur. Ə.İldırımoğlu sözün seçdiyi nadir insanlardandır".

Sonra jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Etibar Babayev çıxış edərək bu görüşün tələbələr üçün həm iş, həm də həyat təcrübəsi baxımından faydalı olacağını dilə gətirib: "Ə.İldırımoğlu Azərbaycan jurnalistikasında öz maraqlı və kəsərli felyetonları, oçerkləri ilə iz buraxa bilmiş şəxslərdəndir. Eyni zamanda onun bədii irsi də gənclərin tərbiyəsində və dünyagörüşünün inkişafında böyük rol oynayır".

Görüşdə fakültənin müəllimi Südabə Ağabalayeva və IV kurs tələbəsi Cəmilə Əlibəyli Əl.İldırımoğlunun həm bir yazar, həm də jurnalist kimi yaradıcılığından bəhs ediblər.

Tədbirin sonunda Ə.İldırımoğlu tələbələri maraqlandıran sualları cavablandırıb və qonağa Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin tələbəsi Nurlan Babazadənin müəllifi olduğu fotoşəkil və gül dəstələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə