Bu gün Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danyeri kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: "Hər bir xalqın səviyyəsini onun biliyi, hər bir ölkənin gələcəyini isə təhsilli və vətənpərvər gənclər müəyyən edir. Ona görə də bu gün Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Ulu öndərimiz Heydər Əliyevin siyasi kursu dövlət başçısı tərəfindən uğurla davam etdirilir, təhsilin inkişafını müəyyən edən dövlət proqramları qəbul olunur. Qəbul olunan dövlət proqramlarının uğurlu icrası və həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq şəhər, qəsəbə və kəndlərimizdə müasir məktəb binaları tikilir, təhsil infrastrukturu müasirləşdirilir. Məqsəd ölkəmizdə təhsilli, vətənpərvər, yüksək intellektə və peşə hazırlığına malik olan ixtisaslı gənclər yetişdirməkdən ibarətdir".
Ali Məclisin sədri ümummilli lider Heydər Əliyevin "Təhsil uşaqları, gəncləri gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis kimi hazırlayan müqəddəs sahədir" fikrini xatırladaraq deyib: "Danyeri kəndində tikilən yeni məktəb binası da bu sahəyə göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Ümumilikdə 414 şagird yerlik məktəb binasında 3-ü elektron lövhəli olmaqla, 23 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları və hərbi kabinə, idman zalı, 38 kompyuterin quraşdırıldığı 2 kompyuter sinfi, 13 minə yaxın kitab fondu olan kitabxana müəllim və şagirdlərin istifadəsinə verilir. Əvvəllər lazımi tədris şəraiti olmayan binada fəaliyyət göstərməsinə baxmayaraq, Danyeri kənd tam orta məktəbinin nailiyyətləri qənaətləndirici olmuş, ötən il məktəbi bitirən 17 məzundan 10-u ali məktəblərə, 1-i Naxçıvan Musiqi Kollecinə, 2-si isə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur".
Qazanılan nailiyyətlərə görə kollektivə təşəkkürünü bildirən Ali Məclisin sədri deyib ki, məktəb işi təkcə müəllimlərin üzərinə düşən vəzifə deyil. Bu, ümumxalq işidir. Bu iş dövlət, cəmiyyət və məktəbin birgə səyi ilə həyata keçirilməlidir. Cəmiyyət və məktəb dövlətin yaratdığı şəraitdən səmərəli istifadə etməli, ölkəmiz üçün yararlı vətəndaşlar yetişdirilməlidir.
Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetiriləcəyinə, yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirib, bu yolda müəllim və şagird kollektivinə uğurlar arzulayıb.
Məktəbin müəllimi Şahnaz Abbasova deyib ki, bu gün muxtar respublikada, eləcə də Şərur rayonunda təhsilə göstərilən qayğı, yaradılan müasir təhsil infrastrukturu müəllimlərin daha yaxşı işləməsinə, şagirdlərin yüksək səviyyədə təhsil almasına səbəb olub.
Danyeri kəndində müasir məktəb binasının tikintisini Azərbaycanın bugünkü inkişafının və təhsil quruculuğu istiqamətində görülən işlərin təzahürü kimi dəyərləndirən Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli deyib ki, muxtar respublikada təhsilə göstərilən qayğı məktəb və elm vasitəsilə cəmiyyəti inkişaf etdirmək strategiyasının tərkib hissəsidir. Muxtar respublikanın kəndlərində həyata keçirilən kompleks quruculuq işləri, məktəb binalarının tikilməsi Azərbaycan kəndlərinin həyatında yeni bir inkişaf mərhələsinin başlanğıcıdır.
Ali Məclisin sədri binanın açılışını bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 4 mərtəbədən ibarət olan binada elektron lövhəli siniflər, laboratoriyalar, kompyuter otaqları, idman zalı, müəllimlər otağı və bufet vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB