Misir Mərdanov: "Treninqlərin keçirilməsinə dövlət strukturları cəlb ediləcək"
"Azərbaycanda müəllimlər üçün treninqlərin keçirilməsinə dövlət strukturları da cəlb ediləcək". SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov "2012-2013-cü tədris ilində müəllimlərin işə qəbulunun nəticələri"nə həsr olunan kollegiya iclasında deyib.
Nazir bildirib ki, bu iş tender yolu ilə keçiriləcək və dövlət strukturları yalnız 2014-cü ildən bu treninqlərdə iştirak edə biləcək.
M.Mərdanov müəllimlər üçün fənn kurrikulumları üzrə keçirilən təlimlərin təşkili ilə bağlı ortaya çıxan çatışmazlıqları da sadalayıb: "Təlim materiallarında müəllimlərin çoxu nəzəri biliklər əldə edirlər. Təlim materialları yalnız Azərbaycan dilində hazırlanır. Bu isə rus bölməsi üzrə dərs deyən müəllimlər üçün çətinliklər yaradır. Rayonların bəzilərində təlim mərkəzləri düzgün seçilmir. Təlim avadanlıqları köhnə və 20-25 nəfərin işləyə biləcəyi otaqda yerləşdirilir".
Nazir həmçinin əlavə edib ki, onlar təlim kurslarının ancaq yay aylarında keçirməyə məcburdurlar. Təlim keçirilən yerlərdə kondisionerin olmaması isə iştirakçılar üçün ciddi çətinliklər yaradır. O, gələcəkdə sadalanan bütün bu amillərin nəzərə alınmasını da vacib hesab edib: "Hazırda təlim kursları Dünya Bankının layihəsi çərçivəsində aparılır. Gələn il başa çatacaq bu layihəyə şərtlərinə uyğun olaraq yalnız qeyri-hökumət təşkilatları cəlb edilir".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB