ATƏT-in Bakı ofisinin rəhbəri NDU-da olub

ATƏT-in Bakı ofisinin rəhbəri NDU-da olub

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay və bir qrup nümayəndə Naxçıvan Muxtar Respublikasına rəsmi səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) də olub.

NDU-nun mətbuat şöbəsindən bildiriblər ki, görüş zamanı universitetin tədris işləri üzrə prorektoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Seyid Surə universitetin strukturu, fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Avropa Rektorlar Klubunun, Asiya Universitetləri Assosiasiyasının üzvü olan, dünyanın 76 tanınmış universiteti ilə tərəfdaşlıq edən, 10 ölkədən 300-ə yaxın xarici vətəndaşın təhsil aldığı bu ali məktəb bir çox beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-in Bakı ofisi ilə də sıx əməkdaşlığa malikdir. Belə ki, ATƏT-in Bakı ofisinin keçmiş rəhbərləri Aleksis Şahtaxtinski və Bilge Cankorel müxtəlif vaxtlarda universitetdə olub, qlobal ekoloji problemlərin öyrənilməsinə həsr olunmuş "Yaşıl paket" proqramı, hüquqşünas, vəkil, hakim və prokurorlar üçün nəzərdə tutulmuş səhnələşdirilmiş məhkəmə təlimləri kimi birgə layihələr həyata keçirilib. Universitetin tərbiyə işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev elmin, təhsilin inkişafı, dünyaya inteqrasiya baxımından beynəlxalq təşkilatlarla, eləcə də ATƏT-in Bakı ofisi ilə tərəfdaşlığın əhəmiyyətindən danışıb.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay ötən il də Naxçıvanda olduğunu, bu müddət ərzində Naxçıvan Muxtar Respublikasında və universitetdə böyük inkişafın şahidi olduğunu söyləyib. O, ATƏT-in üç istiqamətdə - siyasi və hərbi, iqtisadi və ekoloji, humanitar istiqamətlərdə dünya dövlətləri ilə həyata keçirdiyi tərəfdaşlıqlar, Azərbaycanda gördüyü işlər barədə məlumat verib. Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, elmi-təcrübi mübadilə istiqamətində görüləcək işlərin, beynəlxalq hüquq və turizm, iqtisadiyyat, ekoloji təhlükəsizlik, biznes və digər sahələrə həsr olunmuş birgə layihələrin gerçəkləşdirilməsinin zəruriliyindən söhbət açılıb.

Qonaqlar universitet kampusunu gəzib, beynəlxalq münasibətlər və xarici dillər, təbiətşünaslıq və kənd təsərrüfatı, pedaqogika fakültələrində, magistraturada, qonaq evində, Tələbə Turizm Assosiasiyasında, Media, Azərbaycanşünaslıq, Koreya Respublikası Mədəniyyət və Dil Tədrisi mərkəzlərində, "Diplomatiya" kabinəsində, müasir kimya laboratoriyalarında, botanika, coğrafiya, zoologiya muzeylərində olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə