Məktəblər İKT-ni öyrənir

Azərbaycanda ümumtəhsil məktəblərinin inzibati-idarəetmə heyəti İKT-nin idarəetmədə tətbiqini öyrənir

Cari ildə Respublika üzrə orta məktəblərin 1.000 nəfər inzibati-idarəetmə heyəti üçün informasiya və komunikasiya texnologiyalarının məktəb idarəetməsində tətbiqi üzrə təlimlərin keçirilməsi davam etdirilir. Təlimlər Bakı və 39 regionda "Mədəd Azərbaycan" təşkilatı tərəfindən icra olunur. SİA-nın məlumatına görə, təlimlər zamanı elektron məktəbin idarə edilməsi, virtual siniflərdə dərslərin keçirilməsi, təhsil portalı (www.edu.az) və ondan istifadə qaydaları öyrədilir. İştirakçılar ümumi rəqəmsal savadlılığın artırılması ilə bağlı praktik məşğələlərlə yanaşı, elektron təhsil resurslarlarının yaradılması, web 2.0 texnologiyaları, layihə və fəal təlim metodları ilə tanış olurlar.

Təhsil sisteminin inzibati-idarəetmə heyəti üçün İKT-nin təhsilə tətbiqi və idarəetmə sistemləri üzrə təlimlər "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində icra olunur.

Ümumiyyətlə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində ümumtəhsil məktəblərinin 12500 nəfərlik inzibati-idarəetmə heyəti İKT-nin idarəetmədə tətbiqinə dair xüsusi hazırlıq kurslarından keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə