"Lüzumsuz kafedra və fakültələrin sayı azaldılmalıdır"

"Lüzumsuz kafedra və fakültələrin sayı azaldılmalıdır"

"Dövlət sifarişli yerlər üzrə tələbə qəbuluna başladıqda bunun ali məkltəblərdə daha sağlam rəqabət mühiti yaradacağını və dövlət sifarişli yerlər üzrə daha cox tələbə qəbulu aparan məktəbin işinin yaxşı olacağını hesab ediblər". SİA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib.

Nazirin sözlərinə görə, bütövlükdə bu istiqamətdə müsbət işlər getsə də, hələ də gözlənilən nəticə alınmayıb: "Bu gün ali məktəblərin büdcələrinin iki əsas mənbəyi var. Onlardan biri ödənişli əsaslarla təhsil alan tələbələrin ödədiyi təhsil haqqı, digəri isə dövlət sifarişli yerlər üzrə təhsil alanlar üçün dövlətin ali məktəblərə verdiyi maliyyə vəsaitidir".

Mərdanov hesab edir ki, eyni ixtisas üzrə dövlət sifarişli yerlərdə təhsil alanlar üçün dövlətin ali məktəblərə verdiyi maliyyə vəsaiti ödənişli yerlər üzrə təhsil alan şəxsin ödədiyi vəsaitdən kifayət qədər yüksək olmasa, bu addımın ciddi əhəmiyyəti olmayacaq.

Mərdanovun sözlərinə görə, ali məktəb dövlət sifarişli yerlər üzrə təhsil alanların sayının çox olmasında maraqlı olmalıdır: "Bu maraq da o zaman ola bilər ki, dövlət sifarişli yerlər üzrə təhsil alanlar üçün dövlətin ali məktəblərə verdiyi maliyyə vəsaiti ödənişli yerlər üzrə təhsil haqqının məbləğindən yüksək olsun".

"Hələlik bu istiqamətdə işlər aparılır. Ola bilər ki, gələcəkdə bu işin gedişində bəzi ali məktəblər üçün ciddi problemlər yaransın. Ona görə də ali məktəblərin rektorları, Elmi şuraları bu məsələni ciddi müzakirə etməlidir", -Mərdanov bildirib.

Nazir onu da qeyd edib ki, Azərbaycanın ali məktəblərində lüzumsuz kafedra və fakültələrin sayı azaldılmalıdır: "Demirəm ki, kafedra və fakültələrin sayı kütləvi şəkidlə azalsın. Sayın artırılmasındansa, hərhalda qabiliyyəti olan işçilər məktəblərdə daha çox saxlanılmalıdır. Ona görə də ali məktəb rəhbərləri optimal, çevik bir variantı seçib, ali məktəbi yaşatmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə