Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Cəlilabad rayonunun Astanlı kənd tam orta məktəbi barədə həqiqətə uyğun olmayan bəzi məlumatlar yayılıb. Bunu SİA-nın müxbirinə məktəbin müdiri Ə.P.Əsgərov deyib.
Qeyd edilib ki, məlumatda adı hallandırılan Nağıyeva Sevda Fərəc qızı ali təhsilli Rus dili və ədəbiyyatı müəllimidir. S.Nağıyeva Astanlı kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədiyinə görə və əmək intizamını kobud surətdə pozaraq məktəb direktoruna xəbərdarlıq etməyərək, heç bir üzürlü səbəb olmadan 26 avqust 2012-ci il tarixdən 14 sentyabr 2012-ci il tarixə kimi işə çıxmamışdır. Nəticədə məktəbdə müəllimlər arasında dərs bölgüsünün aparılması prosesi pozulmuş, məktəbin dərs cədvəli tərtib edilməmiş, müəllimlərin proqram və gündəliklərinin hazırlanmasına nəzarət edilməmiş, xüsusilə V siniflərdə kurikulumla işləyən müəllimlərin fəaliyyəti nəzarətsiz buraxılmışdır.
Buna görə də məktəb direktorunun 14 sentyabr 2012-ci il tarixli 62 nömrəli əmrilə S.Nağıyeva tutduğu vəzifədən azad edilmiş, ixtisası üzrə məktəbdə müəllim saxlanılmışdır.
Məlumat üçün bildiririk ki, Astanlı kənd tam orta məktəbində S.Nağıyevadan əlavə Səltənə Rzayeva adlı ali təhsilli ingilis dili müəllimi də fəaliyyət göstərir. Bu ilki dərs bölgüsündə S.Nağıyevaya 15 saat, S.Rzayevaya isə 14 saat ixtisasları üzrə dərs ayrılmışdır.
Yuxarıda qeyd olunanlara əlavə edirik ki, dərslərin ixtisaslı müəllimlər tərəfindən aparılması məqsədilə son vaxtlar məktəb ali təhsilli Azərbaycan dili və ədəbiyyatı, fizika, riyaziyyat müəllimi ilə təmin edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB